Azərbaycan 2023-cü ilin yanvar-sentyabr aylarında 2,4 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edib. Novator.az bildirir ki, hesabatı yayan Dövlət Gömrük Komitəsi meyvə-tərəvəz ixracını 470,3 milyon, plastmas və ondan hazırlanan məmulatlar ixracını 361 milyon, elektrik enerjisi ixracını 330,4 milyon, kimya sənayesi məhsulları ixracını 175,3 milyon, alüminium və ondan hazırlanan məmulatlar ixracını 151,1 milyon dollarla ilk beşlikdə göstərir.
Qeyri-neft ixracında əsas on ünvan belə sıralanır: Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə, Qazaxıstan, Türkmənistan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Qırğızıstan.
Doqquz ayda 12,6 milyard dollarlıq idxal rəsmiləşib. İlk beşlikdə yer alan maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri üzrə 2,5 milyard dollar, nəqliyyat vasitələri və onların hissələri üzrə 1,8 milyard dollar, yeyinti məhsulları üzrə 1,5 milyard dollar, qara metallar və onlardan hazırlanan məmulatlar üzrə 810,8 milyon dollar, əczaçılıq məhsulları üzrə 448,8 milyon dollarlıq idxal qeydə alınıb.