Salome Zurabişvili Gürcüstan prezidenti postunu itirə bilər. Ölkənin Konstitusiya Məhkəməsi impiçment barədə müraciətə baxaraq dövlət başçısının 2023-cü ildə hökumətin razılığı olmadan Avropaya səfərə getməsini ana qanunun pozuntusu sayıb. Rəy oktyabrın 16-da açıqlanıb.
İmpiçment təşəbbüsünü hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının deputatları qaldırıb. Parlamentin prezidenti vəzifədən uzaqlaşdırması üçün 100 deputatın səsi gərəkdir.
Novator.az bildirir ki, Salome Zurabişvili 1952-ci ildə Fransanın paytaxtı Parisdə, gürcü mühacirlərin ailəsində doğulub. Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-ın Kolumbiya Universitetini bitirib. 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyi sistemində çalışıb, müxtəlif səfirlik və nümayəndəliklərdə məsul postlar tutub.
2003-cü ildə Gürcüstana səfir göndərilən Salome Zurabişvili 2004-2005-ci illərdə bu ölkənin xarici işlər naziri olub, 2016-cı ildə parlamentin deputatı seçilib.
2018-ci il noyabrın 28-də Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədi kimi prezident postuna mandat alıb, dekabrın 16-da səlahiyyətlərinin icrasına başlayıb.
Gürcüstanda 6 il müddətinə seçilən prezident dövlət başçısı funksiyasını yerinə yetirir, icra hakimiyyətinə isə baş nazir rəhbərlik edir.
Hökuməti 150 nəfərlik parlamentdə çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib.
Son vaxtlar hakim partiya ilə prezident arasında davamlı ziddiyyətlər yaşanır.