Avtoritar idarəçilik çökür -“Vaşinqton Post”
- 29 Sentyabr 2023
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
“Vaşinqton Post” qəzetində “Çin modeli uğursuzluğa düçar olur. Dünya bunu nəzərə almalıdır” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, uzun illərdir, xüsusilə də Si Cinpin hakimiyyətə gələndən “Çin xalqının dirçəlişi” Pekinin başlıca şüarına çevrilib: “Bu şüar hətta Çinin rəsmi sənədlərində, dövlət mediasında siyasi kurs kimi vurğulanır. Belə bir siyasətin arxasında konkret strateji məqsədlər dayanır: Çini dünya gücünə çevirmək; 2035-ci ilə qədər iqtisadiyyatı iki dəfə böyüdüb ABŞ-ı ötmək; gəlir bərabərsizliyini aradan qaldırıb ümumi rifaha nail olmaq. Si Cinpin deyir ki, Çin sisteminin üstünlüyü xalqın parlaq gələcəyi ilə tam şəkildə sübuta yetiriləcək”.
Ancaq “Vaşinqton Post” yazır ki, parlaq gələcəyə inam getdikcə sual altına düşür: “Onilliklər boyu davam edən irəliləyişdən sonra Çin iqtisadiyyatı zəifləməyə başlayıb və ölkə həm iqtisadi, həm də demoqrafik problemlərlə üz-üzə qalıb. İxrac azalıb, pərakəndə satışda geriləmə müşahidə olunur. Böyük əhəmiyyət kəsb edən daşınmaz əmlak bazarı çökmə riski altına düşüb. Ölkənin hər beş gəncindən biri rəsmən işsiz hesab olunur. İşsizlərin real sayı güman ki, daha çoxdur. Çin borc içində boğulur.
İri banklar qarşıdakı bir ildə ümumi daxili məhsulun artımı üzrə proqnozu aşağı salıb. Pekin özü də 2023-çü ilin sonuna proqnozlaşdırdığı artım hədəfinə çata bilməyəcəyini etiraf edir”.
“Vaşinqton Post”un qənaətinə görə, problemlərinin əksərini Çin özü yaradıb: “Problemlərin kökündə ölkənin hakim Kommunist Partiyası liderlərinin yanlış siyasəti durur. Demoqrafik problemin səbəbi Pekinin illər uzunu yürütdüyü tək uşaq siyasəti, bu siyasətin doğurduğu məcburi abortlar, sterilizasiyadır. Son 60 ildə ilk dəfə olaraq əhali sayında azalma qeydə alınıb. Gələcəkdə işçi qüvvəsi qıtlığı ilə üzləşəcəyini anlayan hökumət indi insanları daha çox uşaq sahibi olmağa inandırmaq, əslində onları buna məcbur etmək üçün ciddi təbliğat kampaniyası aparır, müxtəlif hiylələrə əl atır. Ancaq Pekinin cəhdləri hələ bir nəticə verməyib.
Digər problemlər xarici təsirlərdən – ticarət qalmaqallarından, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan irəli gəlir. Çinin texnologiya şirkətlərinə böyük zərbə dəyib”.
Məqalədə bildirilir ki, avtoritar hökumətlərin demokratik dövlətlərdən daha effektli olduğuna, xalqa daha çox xeyir verdiyinə inam keçmişdə qalıb: “1997-ci ildə cərəyan edən iqtisadi böhran 1990-cı illərdə “Asiya dəyərləri” adını almış bu yanlış siyasəti alt-üst etdi. Amma Si Cinpin hakimiyyətə gələndən sonra köhnə ideyanı bərpa etmək, onu yeni səviyyəyə qaldırmaq yolunu seçdi. Həmin siyasətin iflasa uğradığı indi göz qabağındadır”.
Məqalədə dünyanın digər avtoritar modelinə – Rusiya rejiminə də toxunulur. Bildirilir ki, prezident Vladimir Putinin 20 ildən çoxdur yönəltdiyi Rusiyanın iqtisadi uğursuzluğa düçar olmasının səbəbləri Çindən fərqlənir: “Putinin Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən sonra Qərb dövlətləri Rusiyaya sarsıdıcı sanksiyalar tətbiq etmək üçün bir araya gəldi. Hazırda rublun dəyəri son 17 ayın ən aşağı səviyyəsinə düşüb, ölkədə inflyasiya yüksəlib. Rusiyaya bir vaxtlar külli miqdarda gəlir gətirən maye qazın Avropaya ixracı kəskin şəkildə azalıb. Hazırda Rusiyanın müdafiə xərcləri onun iqtisadiyyatını tükətməkdədir”.
Məqalədə xatırladılır ki, Çinlə Rusiya Qərb demokratiyasına alternativ modellər nümayiş etdirmək, ABŞ-ın, digər Qərb ölkələrinin və institutlarının yer almadığı yeni dünya nizamı formalaşdırmaq istəyirdi: “Artıq bu iki avtoritar nəhəngin siyasəti uğursuzluğa düçar olub. Ümid edək ki, dünya bunu nəzərə alacaq”.
1949-cu ildə qurulan Çin Xalq Respublikasının idarəçiliyinə Kommunist Partiyası məsuldur. 1953-cü il təvəllüdlü Si Cinpin 2012, 2017 və 2022-ci illərdə partiya lideri, 2013, 2018 və 2023-cü illərdə Çin Xalq Respublikasının sədri (dövlət başçısı) seçilib.
Mənbə: Washingtonpost.com