Sentyabrın 19-dan 21-dək Fransanın Strasburq şəhərində Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icra durumunu müzakirə edən Avropa Şurasının Nazirlər Komitəsi qətnamələr çıxarıb. Aihmaz.org xəbər verir ki, qətnamələrin biri jurnalist Xədicə İsmayılın işini əhatə edir. 2012-ci ildə Xədicə İsmayılın Bakıda yaşadığı mənzildə gizli çəkilmiş, şəxsi həyatını əks etdirən videolent yayılmışdı. O, şəxsi həyatın toxunulmazlığının pozulmasından şikayət vermiş, cinayət işi qaldırılmış, ancaq 2015-ci ildə icraat dayandırılmışdı.
Avropa Məhkəməsi Xədicə İsmayılın Azərbaycan dövlətindən müxtəlif şikayətlərini haqlı sayan qərarlar çıxarıb. Qərarların icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsi 2022-ci ilin iyun ayında Azərbaycan dövlətini Xədicə İsmayılın məruz qaldığı cinayətlərin istintaqını yeniləməyə, cinayətkarların məsuliyyətə cəlb etməyə çağırıb. Həmin ilin oktyabrında Baş Prokurorluq cinayət araşdırmasını bərpa edib.
Nazirlər Komitəsi Azərbaycan dövlətini prokurorluq orqanlarının Avropa Məhkəməsinin gəldiyi nəticələri diqqətə alaraq istintaqı davam etdirməsini təmin etməyə çağırıb. Qətnamədə “Media haqqında” qanunu Avropa Şurasının standartlarına uyğun hala gətirmək, ifadə azadlığı hüquqlarına maneələri aradan qaldırmaq çağırışları da yer alır.
Hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, fəallar Qiyas İbrahimov, Bayram Məmmədov (2021-ci ilin may ayında həlak olub), jurnalist Xədicə İsmayılın şikayətləri üzrə qərarlar da nəzarət altındadır. Həmin qərarlarda ərizəçilərin qanunsuz həbs və məhkum edilmələri, Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş hüquqlarının pozulduğu tanınıb. Nazirlər Komitəsi bu qrup üzrə qətnamədə ərizəçilərin məhkumluqlarının ləğv olunmasını, onlara qarşı irəli sürülmüş cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılmasını istəyib.
Böhtan ittihamı üzrə azadlıqdan məhrum olunmuş jurnalistlər Rövşən Mahmudov və Yaşar Ağazadənin işi üzrə də qətnamə çıxarılıb. Avropa Məhkəməsi jurnalistlərin hüquqlarının pozulduğunu tanıyıb və hakimiyyətə diffamasiyaya görə cinayət cəzasının ləğvini tövsiyə edib. Nazirlər Komitəsi Azərbaycan dövlətini vətəndaşların böhtan və təhqirə görə özbaşına təqibini, ifadə azadlığının məhdudlaşdırılmasını istisna edən tədbirlər görməyə, o cümlədən Cinayət Məcəlləsinə müvafiq düzəlişlər etməyə çağırıb.
1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi, milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.