Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan sentyabrın 25-də Azərbaycana rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısını prezident İlham Əliyev qarşılayıb.
Rəsmi qarşılanma mərasimində Azərbaycan nümayəndə heyətinin üzvləri Rəcəb Teyyub Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub. Sonra prezidentlər təkbətək görüşüblər.
Həmin gün dövlət başçıları İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Mərasimdən sonra Azərbaycan-Türkiyə sənədləri imzalanıb: “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair niyyət protokolu”; “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Qəhrəmanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında əməkdaşlıq sazişi”; “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu”.
İlham Əliyev və Rəcəb Teyyub Ərdoğan Naxçıvan bərpa-istehsalat hərbi kompleksinin açılışında da iştirak ediblər. Hərbi kompleks müxtəlif növ tank, zirehli döyüş maşını və transportyorların, artilleriya qurğu və sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin, atıcı silahların, mühəndis texnikasının, rabitə avadanlıqlarının, optik cihazların təmirini və modernləşdirilməsini, müxtəlif növ daxiliyanma mühərriklərinin təmirini və stend üzərində yoxlanmasını, qeyd olunan bütün vasitələr üzərində detal və avadanlıqların dəyişdirilməsini və test edilməsini həyata keçirmək imkanına malikdir.