Sentyabrın 14-ü Sinqapurda yeni prezident Tarman Şanmuqaratnamın dövrü başlayır.
Cənub-Şərqi Asiya ölkəsi olan Sinqapurda parlament idarə üsulu hökm sürür. 1957-ci il təvəllüdlü tamil Tarman Şanmuqaratnam sentyabrın 1-də parlament üzvlərinin 70,4 faizinin səsini toplayaraq prezident seçilib. Onun rəqibləri çinlilər olub.
Tamillər 6 milyon nəfərə yaxın əhalisi olan Sinqapurda etnik azlıqdır. Ölkə əhalisinin 74,2 faizi çinli, 13,5 faizi malay, qalan hissəsi digər millətlərdəndir, onların da arasında tamillər üstündür.
1965-ci ildə müstəqillik əldə edəndən Sinqapur hökumətinə çinlilər başçılıq edir. Hazırkı baş nazir Li Syan Lun 20 ilə yaxındır bu vəzifəni tutur. Əvvəlki baş nazirlər kimi Li Syan Lun da Xalq Fəaliyyəti Partiyasının təmsilçisidir. Yeni prezident Tarman Şanmuqaratnamın namizədliyi də bu partiyadan irəli sürülüb. Prezident seçilənədək Tarman Şanmuqaratnam hökumətdə mühüm vəzifələrdə çalışıb.
1952-ci il təvəllüdlü Li Syan Lun 2025-ci ildə keçiriləcək parlament seçkisindən sonra hakimiyyətdən getməyi planlaşdırır.
Novator.az saytı “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Tarman Şanmuqaratnam prezident seçiləndən sonra mərkəzi ofisi Böyük Britaniyada yerləşən, internet məkanında ictimai rəyin öyrənilməsi üzrə ixtisaslaşmış “YouGov” şirkəti sinqapurlular arasında sorğu keçirib, əhalinin etnik azlıq nümayəndəsinin baş nazir postunu tutmasına razı olub-olmadığını öyrənib.
“YouGov” şirkəti sorğunun nəticələrini sentyabrın 13-də açıqlayıb. Məlum olub ki, hər beş sinqapurludan üçü etnik azlıq nümayəndəsinin, xüsusilə malay, yaxud tamil millətindən olan şəxsin hökumət başına keçməsinə razıdır. Nüfuzlu sorğu şirkəti buna əsaslanaraq bəyan edib ki, Sinqapurda hökumətin, nəhayət, əslən çinli olmayan şəxsə həvalə olunmasına real imkan yaranıb.
Xəbər “Bloomberg” agentliyində “İctimai rəy sorğusu göstərir ki, sinqapurluların əksəri etnik azlıq nümayəndəsini hökumət rəhbəri kimi qəbul etməyə hazırdır” başlığı altında dərc edilib.
Mənbə: Bloomberg.com