Novator.az Rəqabət Məcəlləsi layihəsinə nəzər salıb.
Parlamentə prezidentin imzası ilə göndərilmiş layihədə Azərbaycanın rəqabət siyasətinin prinsipləri belə sıralanır: sahibkarlıq fəaliyyəti də daxil olmaqla iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsinin təmin olunması; rəqabətin təmin olunması, qorunması və inkişaf etdirilməsi; iqtisadiyyatın inhisarsızlaşdırılması və rəqabətin stimullaşdırılması; rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən sazişlərə, davranış və hərəkətlərə (hərəkətsizliyə), habelə təbii inhisar fəaliyyətinə dövlət tənzimlənməsinin və nəzarətinin təmin olunması; qiymətlərin bazarda tələb və təklifin qarşılıqlı təsiri əsasında formalaşması; sərbəst qiymətqoymada müştərilərin mənafeyinin nəzərə alınması və sərbəst seçim hüququnun təmin olunması; müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunması; rəqabəti məhdudlaşdıran sazişlərin, təmərküzləşmələrin və hökmran mövqedən və təbii inhisar mövqeyindən sui-istifadənin yolverilməzliyi; bütün bazar subyektləri üçün bazara sərbəst giriş, resurslara bərabər əlçatanlıq və bərabər tənzimləmə şərtlərinin müəyyən edilməsi.
Layihəyə görə, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması dedikdə bunlar nəzərdə tutulur: ardıcıl 12 ay ərzində istənilən dövr aralığında müvafiq bazarın şəxslər qrupuna daxil olmayan subyektlərinin sayının 10 faiz və daha çox azalmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi; ardıcıl 12 ay ərzində istənilən dövr aralığında hökmran mövqedə olmayan təsərrüfat subyektlərinin birgə bazar payının 50 faiz və daha çox azalmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi; digər təsərrüfat subyektlərinin müvafiq bazara daxil olmasının qarşısının alınması; müvafiq bazarda təsərrüfat subyektlərinin bazar paylarının 90 faizinin 6 aydan çox olan müddətdə dəyişməz qalmasına gətirib çıxaran hərəkətlərə yol verilməsi.
Bir təsərrüfat subyekti 50 faiz və daha çox bazar payına malik olduqda hökmran mövqe tutmuş hesab edilir.
Hökmran mövqedən rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya ola bilən) sui-istifadə halları içində bunlar da var: aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi; müştərilərin mənafeyinə zidd olaraq istehsalın, satışın və ya texniki inkişafın (o cümlədən yeni texnologiyanın tətbiqinin) məhdudlaşdırılması; müqavilənin bağlanmasının onun predmeti ilə birbaşa əlaqəsi olmayan, yəni mahiyyətindən və kommersiya istifadəsindən asılı olmayan əlavə öhdəliklərin daxil edilməsi ilə şərtləndirilməsi, o cümlədən bir məhsulun satışı üçün digər məhsulun əldə edilməsinin məcburi şərt kimi müəyyən edilməsi və (və ya) məhsulun məcburi əlavə çeşidlə satışı; iqtisadi və ya texnoloji əsaslar olmadan uyğun ödəniş müqabilində məhsulun təqdim edilməsindən, əqli mülkiyyət hüquqlarından istifadədən, yaxud şəbəkədən (ümumi istifadə üçün yaradılmış hər hansı bir sistemdən) birgə istifadə mümkün olduqda ona çıxış imkanının yaradılmasından imtina edilməsi; hökmran mövqedə olan təsərrüfat subyektinin digər təsərrüfat subyektlərini ona üstünlük verməyə məcbur etməsi və ya hər hansı məhsulu onun rəqiblərindən deyil, yalnız ondan almağa sövq etməsi; iqtisadi və ya texnoloji əsaslar olmadan satıcı və ya müştəri ilə bağlanmış müqavilələrə xitam verilməsi, yaxud məhsulun təqdim edilməsi mümkün olduğu təqdirdə və qanundan irəli gələn hallar istisna olmaqla müqavilənin bağlanmasından imtina edilməsi; müvafiq bazarda rəqabətin məhdudlaşdırılması ilə nəticələnən aşağı qiymətlərin, yaxud rəqiblərə davamlı olaraq rentabelli fəaliyyət göstərməyə imkan verməyən qiymətlərin tətbiq edilməsi; fiziki və mənəvi köhnəlmiş mallar, istifadədən çıxarılmış əsas və dövriyyə vəsaitləri istisna olmaqla iqtisadi və ya texnoloji əsaslar olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılması; iqtisadi cəhətdən mümkün və əlverişli olmasına baxmayaraq rəqibin mühüm əhəmiyyətli resursdan istifadə etmək imkanından məhrum edilməsi…