İş istəyənin milləti nə rol oynayır?
İşə qəbulda namizədin hansı millətdən olması rol oynayırmı, etnik azlıqlara münasibətdə ayrı-seçkiliyə yol verilirmi? London Kral Kollecinin (Böyük Britaniya) mədəniyyətlərarası menecment kafedrasının baş müəllimi Mladlen Adamoviç və Monaş Universitetinin (Avstraliya) iqtisadiyyat üzrə professoru Anderas Leybbrandt suala cavab tapmaq üçün eksperiment keçiriblər.
Novator.az-ın məlumatına görə, alimlər Avstraliyada 4 mindən çox iş elanını götürüb həmin yerlərə 12 mindən çox ərizə ilə müraciət ediblər. Ərizələr yalançı namizədlər adından təqdim olunub. Alimlər uydurduqları namizədlər üçün mahiyyətcə eyni tərcümeyi-hal hazırlayıblar, amma boş iş yerlərinə müraciətləri ayrı-ayrı etnik qrupların (ərəblər, aborigenlər, çinlilər, ingilislər, yunanlar və hindistanlılar) nümayəndələri adından göndəriblər.
Rəhbər vəzifələri tutmaq üçün göndərilən müraciətlərdən ingilis adı altında olanların 26,8 faizinə müsbət cavab gəlib. “İngilis olmayan” namizədlərin isə yalnız 11,3 faizinin müraciətinə müsbət cavab verilib.
Aşağı vəzifələrə tutmaq üçün ingilis kimi müraciət etmiş ərizəçilərin 21,2 faizi, başqa etnik qrupların nümayəndəsi kimi müraciət etmiş namizədlərin isə 11,3 faizi müsbət cavab alıb.
Alimlər vurğulayırlar ki, bu rəqəmlər işəgötürənlərin ingilis namizədlərə üstünlük verdiyini, söhbət rəhbər vəzifədən getdikdə isə ayrı-seçkiliyi artırıb başqa millətlərin nümayəndələri ilə müqayisədə ingilisə daha potensial lider kimi baxdığını təsdiqləyir.
Tədqiqatçılar bildirirlər ki, rəhbər vəzifə müştərilərlə ünsiyyətdə olmağı tələb edəndə ayrı-seçkilik bir az da güclənir. Müştərilərlə işləməli olan rəhbər vəzifələrə ingilis kimi müraciət etmiş şəxslərin 30,6 faizinin ərizəsi müsbət reaksiya doğurduğu halda eyni vəzifələrə eyni tərcümeyi-halla, amma başqa etnik qrupların təmsilçisi kimi müraciət etmiş namizədlərin yalnız 11,1 faizinə müsbət cavab verilib.
Avstraliyanın 26 milyon nəfər əhalisi var. Etnik çoxluğu əsasən XIX-XX əsrlərdə İngiltərə, Şotlandiya və İrlandiyadan gələnlərin törəmələri təşkil edir. Hazırda ölkə vətəndaşlarının 90 faizə yaxını Avropa mənşəli, 8 faizi Asiya mənşəlidir. Qalanı aborigenlərdir. Konstitusiyada əksini tapmasa da, ingilis dili faktiki Avstraliyanın rəsmi dilidir.
Mənbə: Kcl.ac.uk