Böyük Britaniyanın “Financial Times” qəzetində “İnflyasiya qadınları kişilərdən daha çox narahat edir?” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə vurğulanır ki, 2015-ci ildə iqtisadçılar Françesko Dakunto, Ulrike Malmendye və Maykl Veber ABŞ-ın Çikaqo ştatının 18 min sakini arasında rəy sorğusu keçirib: “Sorğu zamanı respondentlərin inflyasiya gözləntisi araşdırılıb. Qadınların gələcəkdə 5,1, kişilərin isə 4,6 faizlik inflyasiya proqnozlaşdırdığı üzə çıxıb.
Qadınlar öz proqnozlarını daha çox ərzaq qiymətləri üzərində qurublar. Onlardan ən çox hansı ərzağın qiymətinə fikir verdiklərini soruşanda ilk növbədə südün adını çəkiblər.
Ərzaq alış-verişinə qadınlarla bərabər gedən kişilərin inflyasiya proqnozu qadınların proqnozuna yaxın olub. Alış-verişə ara-sıra gedən kişilərin inflyasiya gözləntisini benzinin qiyməti üzərində qurduğu aydınlaşıb”.
“Financial Times” qeyd edir ki, sorğunun keçirildiyi 2015-ci ildə ABŞ-da inflyasiya 2 faizdən də aşağı olub. Gözləntilərin real inflyasiya səviyyəsindən iki dəfədən də çox olması təəccüblü bir məqam kimi vurğulanır.
Məqalədə xatırladılır ki, iqtisadi nəzəriyyədə istehlakçıların inflyasiya gözləntisinin qiymətlərə təsir göstərdiyi bildirilir. Qeyd olunur ki, adamlar qiymətlərin yuxarı həddə qalacağına inananda daha yüksək əməkhaqqı tələb edirlər, nəticədə bu proses bahalaşmaya təkan verən faktora çevrilir: “İstehlakçılar qiymətlərin cilovlana biləcəyinə əmin olduqda isə mərkəzi bankların işi asanlaşır. Deməli, mərkəzi bankların qiymət artımını nəzarət altına almağa çalışdığı indiki dövrdə istehlakçıların inflyasiyaya münasibətdə nə düşündüyünü, nə proqnozlaşdırdığını bilmək çox vacibdir”.
Amma “Financial Times” adamların bu mövzuda səmimi şəkildə nə fikirləşdiyini bilməyin, gerçək ictimai rəyi üzə çıxarmağın çətin olduğuna diqqət çəkir. Ona görə qəzet 2015-ci ildəki kimi inflyasiyanın gözləntidən aşağı ola biləcəyini yada salır, eyni zamanda son illər inflyasiya güclənsə də, qiymət artımı gözləntisinin güclü olmadığını vurğulayır: “Sərmayə üzrə analitik Cim Byanko deyir ki, 2022-ci ildə qiymətlərin yüksəlməsinə baxmayaraq istehlakçıların gözləntisi dəyişməyib. ABŞ-ın Miçiqan Universitetinin istehlakçıların inflyasiya gözləntiləri üzrə sorğularına nəzər yetirdikdə hətta son vaxtlar proqnozun 3 faizdən 2,9 faizə düşdüyünü görürük”.
Qəzet yazır ki, bəzi analitiklərin qənaətinə görə, istehlakçılar sorğu zamanı səmimi davranmır, sorğu təşkilatçılarının eşitmək istədiklərini söyləyirlər: “Elə Cim Byanko da bu tip sorğuların tam cəfəngiyat olduğu qənaətindədir”.
“Financial Times” yazır ki, 2015-ci il sorğusunda kişilərlə qadınların inflyasiya gözləntisi arasındakı fərq kimlərəsə az görünə bilər. Amma qəzet həmin 0,5 faizlik fərqi də istehlakçıların inflyasiya gözləntisini düzgün müəyyənləşdirməkdə bir maneə sayır, inflyasiya proqnozlarının müxtəlifliyinə nümunə kimi göstərir: “Bu yaxınlarda İsrail iqtisadçıları Yuri Qorodniçenko, Rafi Melnik və Ari Kutayın apardığı birgə tədqiqata görə, inflyasiya şoku ilə üzləşmiş şirkətlər hətta bütün qalan göstəricilər nikbinliyə əsas verəndə də növbəti il daha güclü inflyasiya gözləməyə meyillənir. Buradan belə bir nəticə çıxır ki, istehlakçıların gələcəklə bağlı təsəvvürü təkcə onların yaxın keçmişdəki təcrübəsi ilə deyil, həm də ən çox hansı problem üzərində köklənməsi ilə formalaşır. İnflyasiyadan ziyan çəkənlər bütün diqqəti bu problemə yönəltdiyinə görə qalan göstəriciləri düzgün qiymətləndirə bilmir.
Bütün bu qeyd olunan amillər mərkəzi bankların işini daha da çətinləşdirə bilər. Məsələn, İngiltərə Bankı xəbərdarlıq edib ki, başqa ölkələrdə inflyasiya səviyyəsi azalsa belə, Böyük Britaniyada ərzaq 10 faizdən çox bahalaşacaq. Deməli, hamının diqqəti yenə südün qiyməti üzərində cəmlənəcək”.
Mənbə: Ft.com