Azərbaycan səfərində olan Özbəkistan prezidenti Şövkət Mirziyayev avqustun 23-də Füzuli rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağı və xanımını prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva qarsalayıblar.
Füzuli şəhərində Özbəkistanın tikdiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirakdan sonra prezidentlər MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər, sonra Füzuli şəhərinin baş planı ilə tanış olublar.
Həmin gün İlham Əliyev, Mehriban Əliyeva, Şövkət Mirziyayev və xanımı Şuşa şəhərinə də baş çəkiblər. Onlar Saatlı məscidində olublar, Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, şəhərin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada gülləbaran edilmiş heykəllərinə baxıblar.
Ali qonağa və xanımına Şuşanın baş planı barədə məlumat verilib.
Natəvan bulağı, Yuxarı Gövhər Ağa məscidi, Bülbülün ev-muzeyi, Mehmandarovların malikanə kompleksi, Cıdır düzü də ziyarət olunub.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağ bölgəsinin bir hissəsinə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya hərbçiləri yerləşdirilib.
Dekabrın 1-dək Ağdam rayonu, Kəlbəcər rayonu, Laçın rayonu (Laçın şəhəri və rayonun 6 kəndi istisna olmaqla) Azərbaycana qaytarılıb.
2022-ci il avqustun 26-da Laçın rayonu tam azad edilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, həmçinin Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi hələ də işğaldadır.