Yerevan Şəhər Şurasına seçkiyə qatılan siyasi qüvvələrin qeydiyyatı başa çatıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası 13 partiya və 1 blokun, o cümlədən hakim Vətəndaş Sazişi Partiyasının seçkidə iştirakını rəsmiləşdirib.
Sentyabrın 17-nə təyin olunan seçkinin təşviqat mərhələsi avqustun 23-də start götürür.
Proporsional üsulla seçilən Yerevan Şəhər Şurası 65 nəfərdən ibarətdir. 2018-ci il sentyabrın 23-də keçirilmiş seçkini baş nazir Nikol Paşinyanın “Mənim addımım” bloku udub, namizədlərin siyahısında birinci olan Ayk Marutyan mer postunu tutub.
2021-ci il dekabrın 22-də Yerevan Şəhər Şurası Ayk Marutyanı mer postundan uzaqlaşdırıb, həmin vəzifəyə Qraçya Sərkisyanı seçib. 2023-cü il martın 17-də Qraçya Sərkisyan istefa verib, merin səlahiyyətləri birinci müavin Levon Oqanesyana keçib.
Vətəndaş Sazişi Partiyasının sədri olan Nikol Paşinyan baş nazir postuna 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında gəlib. 2018-ci il dekabrın 9-da onun “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də Vətəndaş Sazişi Partiyası parlament seçkilərini udaraq təkbaşına hökumət qurub.