Ukraynalıların 83,8 faizi Rusiyanın işğalçı müharibə fonunda dezinformasiyaları çoxaldığını düşünür. Novator.az-ın məlumatına görə, Media və Kommunikasiyalar İnstitutunun icraçı direktoru Diana Dutsık belə deyir. O qeyd edir ki, institut “Ukraynada Rusiya dezinformasiyasına qarşı mübarizənin effektivliyi” adlı tədqiqat aparıb. Tədqiqat çərçivəsində ictimai rəy sorğusu da keçirilib. Sorğu vətəndaş cəmiyyəti qurumlarının, saxta xəbərlərə qarşı mübarizəyə yönəlmiş layihələrin işçilərini də əhatə edib.
Hesabata əsasən, respondentlərin 68 faizi Rusiyanın 2022-ci ilin fevralından bəri Ukrayna əleyhinə dezinformasiyaların sayını artırması fikri ilə tam, 15,8 faizi qismən razılaşıb.
Sorğu iştirakçılarının 50 faizə yaxını Ukraynanın dezinformasiyalar əleyhinə gördüyü tədbirləri qismən effektiv sayıb. 42,7 faiz deyib ki, Rusiya təbliğatına qarşı ən effektli mübarizəni prezident Vladimir Zelenski aparır. 34,4 faiz ikinci yerdə ukraynalı hərbçilərin əməyini qeyd edib.
Diana Dutsık vurğulayıb ki, prezident və hərbçilər mütəmadi olaraq ayrı-ayrı platformalar vasitəsilə ictimaiyyətlə sıx ünsiyyət saxlayır, həqiqətləri xalqa çatdırır.
Media və Kommunikasiyalar İnstitutunun tədqiqatına görə, Kremlin dezinformasiya kampaniyaları haqda bilgilərin yayılması ukraynalıların 38,7 faizinin Rusiyadan qaynaqlanan saxta məlumatları vaxtında ayırd etməsinə yardım göstərə bilər.
Respondentlərin 4,5 faizi bildirib ki, Ukraynada media savadlılığının artırılmasına ehtiyac var.
Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Mənbə: Ukrinform.net