Mərkəzi Bank ölkə rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarını yeniləyib. Rəsmi məlumata görə, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq 20000 ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib. Yenilənmiş qaydaya əsasən, rezident fiziki şəxslər ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10000 ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitini nağdılaşdıra bilər.
İqtisadçı, müxalif Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli yazır ki, yeni qaydalar çirkli pulların dövriyyəsinin qarşısını almaq, korrupsiya ilə mübarizə kimi təqdim olunur, amma məmurlar, onlara bağlı iş adamları istənilən həcmdə vəsaiti ölkədən çıxarmağın yollarını yaxşı bilirlər, bu addımlar onlara təsir etməyəcək: “Vətəndaşlar üçün isə problemlər yarana bilər. Məsələn, kimsə özünə 21 min dollara maşın almaq üçün nə etsin? Ya da kimsə Bakıda evini satıb Türkiyədə ev almaq istəyir, dövlət nə haqla ona deyir ki, yox, sən ayda 20 min dollardan artıq pul köçürə bilməzsən? Axı pul vətəndaşındır, özəl mülkiyyətini satıb özünə ev, obyekt almaq istəyir, dövlət niyə buna mane olur?
Bütün bu mənasız məhdudiyyətlər ləğv edilməli, yeganə meyar illik gəlir deklarasiyası olmalıdır, leqal pulun varsa, nə qədər istəsən, hara istəsən, köçürə bilərsən. Amma bunu etmirlər, edə bilmirlər, o zaman prezidentdən tutmuş nazirlərə, məmurlara, rəislərə, icra başçılarına qədər minlərlə dövlət-hökumət işçisi öz gəlirinə uyğun olmayan həyat tərzlərini necə izah edəcəklər?
Gəlir deklarasiyası haqqında qaydalar əvəzinə əcaib məhdudiyyətlər tətbiq edirlər, qadağalar isə qeyri-leqal, qara pul köçürmələrinin həcmini artıran, korrupsiyanı təşviq edən amilə çevrilir, həm də vətəndaşın konstitusiya ilə təsbit olunan özəl mülkiyyət hüququnu pozur”.
Novator.az bildirir ki, 2005-ci ildə Azərbaycanda vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi qaydaları təsdiqlənib. Həmin qaydaya görə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər; xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər; inzibati vəzifə tutan dövlət qulluqçuları; dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər hər il yanvarın 1-dən 30-dək maliyyə xarakterli məlumatlar təqdim etməyə borcludur. Vəzifəli şəxslər vəzifələrinin icrasına başladıqları gündən 30 gün ərzində bəyannamə təqdim etməlidir.
Ancaq qaydalar icra olunmur.