“Çin bütün vətəndaşları qonşularını güdməyə çağırır”. Böyük Britaniyanın “The Telegraph” qəzeti belə yazır. Novator.az-ın məlumatına görə, qəzet bildirir ki, Dövlət Təhlükəsizliyi Nazirliyi (DTN) sosial şəbəkə vasitəsilə vətəndaşlara müraciət edərək hər kəsi əks-kəşfiyyat işinə qoşulmağa çağırıb.
“The Telegraph” vurğulayır ki, DTN Çinin ən məxfi, ictimaiyyətə qapalı qurumlarından biridir: “Xaricdə kəşfiyyat, daxildə əks-kəşfiyyat işinə cavabdeh olan bu nazirlik çox nadir hallarda ictimai tribunada görünür. Nazirlik hamını əks-kəşfiyyat işinə qoşulmağa çağıran bəyanatını Çinin “WeChat” sosial media platformasında yerləşdirib. Bundan əvvəl qurum həmin platformada özünə ictimai baxımdan açıq hesab yaradıb. Belə bir nazirliyin yeni mediada istər açıq hesab yaratması, istərsə də çağırış yayması qeyri-adi haldır”.
“The Telegraph”ın yazdığına görə, DTN-in “WeChat” hesabında yaydığı ilk bəyanatda vurğulanır ki, xarici dövlətlərin Çinə qarşı casusluğuna sinə gərə bilmək üçün ictimai sayıqlıq, vətəndaşların əks-kəşfiyyat işində kütləvi iştirakı tələb olunur. 2023-cü ilin iyul ayında ölkədə əks-kəşfiyyat qanunun yeniləndiyini xatırladan nazirlik vətəndaşları şübhələndiyi şəxslər haqqında dövlətə məlumat ötürməyə həvəsləndirmək üçün geniş maarifləndirmə işlərinin aparılmasına da çağırış edib və əks-kəşfiyyat sahəsində dövlətlə könüllü əməkdaşlığa girəcək şəxslərin konfidensiallığının qorunması, mükafatlandırılması məqsədilə xüsusi mexanizmlərin qurulacağını diqqətə çatdırıb.
“The Telegraph” xəbər verir ki, Çinin iyulda yenilənmiş əks-kəşfiyyat qanunu milli təhlükəsizliyə təhdid törədən məlumatların sızdırılmasına qarşı tədbirləri sərtləşdirir, xarici dövlətlərə casusluq kimi qiymətləndirilə biləcək əməllərin siyahısını genişləndirir: “Bu dəyişiklik Çində fəaliyyət göstərən xarici şirkətləri ciddi narahat etməyə başlayıb. Onlar hər an casusluqda, qanunsuzluqda ittiham oluna biləcəklərindən ehtiyatlanırlar.
Yenilənmiş qanun əks-kəşfiyyat işi aparan məmurların istər dövlət sahəsində, istərsə də özəl sektorda məlumat bazalarına daha sərbəst giriş əldə etməsinə, hüquqi və fiziki şəxslər haqqında daha geniş məlumat toplamasına şərait yaradır.
Pekində çoxdan belə bir rəy hökm sürür ki, Qərb dövlətləri Çinin inkişafını əngəlləməyə çalışır və buna nail olmaq üçün kəşfiyyat fəaliyyətindən yararlanır.
ABŞ və digər Qərb ölkələri də Çini eyni əməldə ittiham edir, Pekinin kəşfiyyat məlumatları toplamaq üçün himayə etdiyi haker qruplarının hücumlarını bütün dünyaya ciddi təhdid kimi qiymətləndirir. Pekin təbii ki, bu iddiaları qəbul etmir”.
Mənbə: Telegraph.co.uk