İran hakimiyyəti Məhsa Əmininin ölümündən sonra ölkəni bürümüş etiraz hərəkatının ildönümü ərəfəsində ağır cəzalar nəzərdə tutan hicab qanunu qəbul etməyə hazırlaşır. Novator.az-ın məlumatına görə, CNN kanalı bildirir ki, 70 maddədən ibarət qanun layihəsi ədliyyə orqanlarında tərtib olunub: “Ölkə parlamentində layihələri hüquqi ekspertizadan keçirən komissiya təklifi təsdiqləyib. Yaxın günlərdə layihəyə Konstitusiyaya Nəzarət Şurasında baxılacaq. Hər bir qanun layihəsi parlamentdə müzakirəyə çıxarılması üçün bu qurumdan keçməlidir. Konstitusiyaya Nəzarət Şurası təsdiqlədikdə layihə parlamentin ümumi müzakirəsinə verilir. Bundan sonra parlament iki aydan gec olmayaraq layihəni müzakirə edib səsverməyə çıxarmalıdır”.
CNN xatırladır ki, indi İranda hicab qaydalarını pozma inzibati xəta sayılır. Qaydanı pozanları 50 min rialdan (1,2 dollar) 500 min rialadək (12 dollar) cərimə, yaxud 10 gündən iki ayadək inzibati həbs gözləyir: “Yeni qanun layihəsində hicabdan imtina ağır cinayət kimi xarakterizə olunur, 5 ildən 10 ilə qədər həbs, 360 milyon rial (8508 dollar) cərimə təklifi yer alır.
Layihəyə görə, qadının boyundan aşağı, yaxud topuqdan yuxarı hissəsinin və ya qolunun yuxarısının açıq qalması hicab qaydasının pozulması deməkdir. Dar geyim də pozuntu kimi qiymətləndirilir.
Layihə daxili işlər orqanlarına qanunun icrasına nəzarət, hicab qaydalarını pozanları tapıb üzə çıxara bilmək üçün süni intellektə söykənən müşahidə kameralarından istifadə səlahiyyəti verir.
Sahibkarlar və tanınmış şəxslər üçün əlavə cəzalar da nəzərdə tutulur. Hicab qaydalarının qorunmasına əməl etməyən sahibkarlar üç aylıq qazancı miqdarında cərimələnə, onların ölkədən çıxışına iki il yasaq qoyula bilər.
Tanınmış şəxslər isə varidatının onda biri həcmində cərimə oluna, müəyyən müddətə işdən, peşə fəaliyyətindən, sosial mediada iştirakdan uzaqlaşdırıla, beynəlxalq səyahətdən məhrum edilə bilər.
Layihədə ali təhsil müəssisələrində də hicab qaydalarına nəzarəti sərtləşdirən xüsusi maddələr var”.
Baş ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Chatham House” analitik mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənəm Vəkil CNN-ə deyib ki, yeni layihə rejimin Məhsa Əmini aksiyalarına növbəti cavabıdır: “Rejim nümayiş etdirmək istəyir ki, etirazlara baxmayaraq geri çəkilmək fikrində deyil, hicab məcburiyyəti, ümumiyyətlə qadınlar qarşısında qoyulan tələblər qüvvədə qalır”.
Kanadanın Ottava şəhərindəki Karleton Universitetində çalışan, əslən iranlı olan hüquqşünas Hüseyn Rəisinin CNN-ə bildirdiyinə görə, fiziki şəxslər üçün təklif edilən yeni cərimə (8508 dollar) milyonlarla vətəndaşı yoxsulluq içində yaşayan İranda hətta orta təbəqənin də imkanından qat-qat yuxarıdır.
22 yaşlı kürd qadın Məhsa Əmini 2022-ci il sentyabrın 16-da, paytaxt Tehranda hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişib. Bir neçə ay ərzində ölkədə buna etiraz olaraq kütləvi aksiyalar keçirilib. İstər aksiyalar zamanı, istərsə də 2023-cü ilin fevralından, etirazlar səngiyəndən sonra İranda hicab qanununa riayət olunmasına nəzarət edən əxlaq polisinin fəaliyyəti gözə dəyməyib.
İranda əxlaq polisi rəsmən irşad patrulu adlanır. İrşad sözü burada düzgün davranışa yönəltmə mənasında işlənir. Daxili İşlər Nazirliyinə tabe olan bu polis dəstəsi çoxdan yaradılıb və işi küçələri dolaşaraq hicab qaydalarına riayət olunmasını yoxlamaqdır.
2023-cü ilin iyul ayının ortalarından İranda əxlaq polisinin fəaliyyəti bərpa edilib. CNN vurğulayır ki, yeni hicab qanunu qəbul olunmasa da, orada nəzərdə tutulan üsulların bəzisi, o cümlədən hicab qaydalarının pozulduğu müəssisələrin sahiblərinin cəzalandırılması, küçədə başıaçıq gəzən xanımların süni intellektə söykənən müşahidə kameraları vasitəsilə aşkarlanıb təqibə məruz qoyulması halları ən azı dörd aydır həyata keçirilir.
Mənbə: CNN.com