AXCP sədri Əli Kərimli Azərbaycan Silahlı Qüvvələrinin qeyri-döyüş itkilərinə münasibət bildirib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun hesabatına görə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 44 hərbi qulluqçu itirib, bunun 35-i qeyri-döyüş itkisidir: “7 nəfər düşmən gülləsinin, 2 nəfər mina partlayışının qurbanı olub, 7 nəfər xəstəlik, 4 nəfər qəza, 3 nəfər bədbəxt hadisə, 2 nəfər silahlı basqın, 1 nəfər qeyri-nizamnamə hadisəsi, 1 nəfər ehtiyatsızlıq nəticəsində həyatını itirib, 17 hərbi qulluqçu intihar edib”.
Əli Kərimli özünün “Facebook” səhifəsində yazır ki, hərbçilərin qeyri-döyüş şəraitində ölümü hamını narahat etməlidir: “Valideynlərin uşaq pulu almadan, min bir əziyyətlə böyüdüb hərbi xidmətə göndərdiyi gənclər nəyə görə intihara sürüklənir? Bu qədər çox hərbçinin özünü öldürmə həddinə çatdırılması İlham Əliyevi nəyə görə narahat etmir?
Nəyə görə hərtərəfli tibbi müayinədən keçib sağlamlığı təsdiqlənmiş gənclər hərbi xidmət zamanı xəstəlikdən həyatını itirir? Həmin əsgərlər nəyə görə xəstəliyin ilkin mərhələsində keyfiyyətli, peşəkar tibbi xidmətlə təmin olunmur? Orduda nəyə görə bu qədər qəza olsun axı?
Valideyn əziyyətlə böyütdüyü övladını dövlətə təhvil verir ki, Vətəni, dövləti qorusun. Övladını dövlətə etibar edir. Dövlət də zəhmət çəkib gəncləri göz bəbəyi kimi qorumalıdır”.