Azərbaycanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etməni də nəzərdə tutur.
18 yaşına çatmış kişi cinsli vətəndaş Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməlidir. Müddətli həqiqi hərbi xidmət ali təhsillilər üçün 1 il, qalan şəxslər üçün 1 il 6 aydır. Çağırışçı üçün son yaş həddi 35 yaşdır.
Novator.az bildirir ki, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət bu əsaslara görə verilir: ailə vəziyyətinə görə; sağlamlıq vəziyyətinə görə; təhsili davam etdirmək üçün; Milli Məclisin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); deputat, hakim, insan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar.
Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində bu şəxslər olan çağırışçılara verilir: başqa övladı olmayan I dərəcə əlilliyi olan ata, yaxud ana; 3 və daha çox uşaq; I dərəcə əlilliyi olan arvad; 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda); 18 yaşınadək və yaxud I dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri (çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri) olmadıqda.
Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.
Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir.
Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.
Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsilini davam etdirmək üçün bu çağırışçılara möhlət yalnız bir dəfə verilir: ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara; peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara; orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara; əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək; doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə; xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.
Bu şəxslər müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar: ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar; əvvəllər qəsdən törətdiyi cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş və məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənməmiş vətəndaşlar; barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar.
Ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar.
Dinc dövrdə bu vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər: fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar; 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar; alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar; Azərbaycan vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.