Bakı Apellyasiya Məhkəməsi məhbus iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun şikayətinə iyulun 28-də baxacaq. Şikayətdə həbs qətimkan tədbirinin ləğvi, Qubad İbadoğlunun bəraətlə azadlığa buraxılması istənir.
Qubad İbadoğlunu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Daxili İşlər Nazirliyi bəyan edib ki, Türkiyədə terrorçu qurum kimi tanınan FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirlərində tutulan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib.
Məlumata görə, vətəndaş Anar Əliyev ifadəsində Qubad İbadoğlunun ona dollar verdiyini iddia edib. Bakıda Qubad İbadoğlunun adına olan mənzildə axtarış zamanı bir hissəsi saxta olan 40 min dollar aşkarlandığı bildirilir. Qubad İbadoğlu Anar Əliyevi tanımadığını, ofis kimi istifadə olunan mənzildən çıxan pulun ona məxsus olmadığını deyir.
İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə aparılır. Bu ittiham 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
İyulun 26-sı Qubad İbadoğlunun Bakıdakı mənzilində və Novxanı qəsəbəsindəki bağ evində axtarış aparılıb. Mənzildən Qubad İbadoğlunun övladlarına məxsus iki kompüterin prosessorları, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nəşr etdiyi “İslam peyğəmbəri” kitabı (müəllifi amerikalı islam tədqiqatçısı Məhəmməd Həmidullahdır) götürülüb.
Qubad İbadoğlu Bakı İstintaq Təcridxanasında saxlanır.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. London İqtisadiyyat Məktəbinin professorudur. İyulun 27-də bu təhsil ocağı Qubad İbadoğlu ilə müqavilənin müddətini 2 il uzatdığını bəyan edib. Müqavilə avqustun 20-də baş çatmalı idi.
1990-cı illərdən siyasi fəaliyyət göstərən Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir. 2015-ci ildə yaradılmış Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan partiyanın təsis qurultayı 2021-ci ildə keçirilib. Dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciətlər, bu yöndə məhkəmə çəkişmələri fayda verməyib.
Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?
“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”
Qubad İbadoğlu: iddialar üzə çıxır
Qubad İbadoğlu 4 aylıq həbsə getdi