İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova iyulun 24-də jurnalistlərə açıqlama verib. O deyib ki, Qubad İbadoğlu Anar Əliyev adlı şəxsin ifadəsi əsasında tutulub: “Anar Əliyev Qubad İbadoğlunun ona dollar verdiyini iddia edib, ancaq Qubad İbadoğlu həmin şəxsi ümumiyyətlə tanımır”.
İyulun 23-də Bakının Fətəli xan Xoyski küçəsində yerləşən mənzildə axtarış zamanı 40 min dollar aşkarlanıb. Mənzil Qubad İbadoğlunun adınadır, oradan ADR Partiyasının ofisi kimi istifadə olunur. Vəkilin sözlərinə görə, Qubad İbadoğlu ifadəsində pulun ona məxsus olmadığını bildirib.
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul “Turan”a deyib ki, iyulun 23-də səhər ofisin iki kilidindən birini aça bilməyib: “Çox güman, 40 min dolları ofisə kilidə müdaxilə edərək yerləşdiriblər”.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qubad İbadoğlunu iyulun 23-də Sumqayıt-Novxanı yolunda tutub. O, həyat yoldaşı ilə bazarlıqdan Novxanıdakı evinə qayıdırmış. Saat 15-də Qubad İbadoğlu evdə gənclərlə görüş keçirəcəkmiş.
Daxili İşlər Nazirliyi bəyan edib ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatı əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib: “Saxlanan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanıb”.
ABŞ-da yaşayan islamçı alim Fətullah Gülənə bağlı çevrəyə Türkiyədə FETÖ adı verilib. 2016-cı il iyulun 15-də bir qrup hərbçi Türkiyədə hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. Yüzlərlə adamın həlak olduğu qiyam yatırılıb. Hakimiyyət çevriliş cəhdinin Fətullah Gülənin planı olduğunu iddia edib. Bu iş üzrə minlərlə şəxs həbs olunub.
Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə şübhəli bilinir. Həmin maddəyə əsasən, satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində doğulan Qubad İbadoğlu iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur.
Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, “Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib, Müsavat Partiyasının rəhbərliyində təmsil olunub.
2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciətlər, bu yöndə məhkəmə çəkişmələri fayda verməyib.