Prezident İlham Əliyev iyulun 21-də Şuşanın Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə maraqlanıb, özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.
Arayışa görə, kəndə 220 ailənin köçürülməsi planlaşdırılır, məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq.
Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev inşa ediləcək. İkimərtəbəli 9 binanın, ikimərtəbəli bloklaşdırılmış 66 evin və 153 ikimərtəbəli fərdi evin tikilməsi də nəzərdə tutulur.
Kənddə həmçinin məscid, bayraq meydanı tikilməsi, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı Şuşa Şəhər Xəstəxanasında və Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə də tanış olub.
Xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si birmərtəbəli 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda o, hərbi hospital kimi fəaliyyət göstərəcək.
Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.
Ambulator xidmət sahəsində konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.
Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası maqnit-rezonans tomoqrafiya və kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq, stansiyada hər növbədə dörd briqada fəaliyyət göstərəcək.
Xəstəxana ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları da inşa olunacaq.
960 şagird yerlik 1 nömrəli tam orta məktəbin üçmərtəbəli binasında 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, 1 STEAM mərkəzi, kitabxana və oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, tibb otağı, müayinə otağı, yeməkxana, həmçinin akt və idman zalları, inzibati heyət üçün iş otaqları var.
Məktəb üçün ayrılan bir hektar ərazidə futbol meydançası, transformator, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binaların inşası da yekunlaşıb.
Əsası 18-ci əsrin ortasında qoyulan Şuşa Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin, Şuşa qəzasının baş şəhəri, Yuxarı Qarabağda rayon mərkəzi olub.
1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib.
2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib.
Şuşa rayonunun 1 qəsəbəsi, 37 kəndi var. 2020-ci ilin noyabr ayında Daşaltı kəndi, 2023-cü ilin martında Allahqulular və Zamanpəyəsi kəndləri nəzarətə götürülüb.