“Niyə Çində gənclər evlənmir?” ABŞ-ın “Nyu-York Tayms” qəzetinin Çində nikahların sayının azalması mövzulu məqaləsi belə adlanır. Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyaya yayılan koronavirus infeksiyasının doğurduğu pandemiya çinli gənclərin sosial şəraitini çox ağırlaşdırıb: “İş yerləri kütləvi ixtisar olunub, nəticədə xüsusilə gənclər arasında işsizlik artıb. Ölkədə koronavirusla bağlı məhdudiyyətlər yumşaldılsa da, hələ də pandemiyanın qızğın dövründən qalma qeyri-müəyyən vəziyyət hökm sürür. Bütün bunlar insanların qərarlarına ciddi təsir göstərir. Çində 2013-cü ildən nikahların sayı onsuz da azalmaqda idi. Pandemiyanın yaratdığı qeyri-müəyyənlik (iş yerlərinin qəfil itirilməsi, mövcud iqtisadi təminata bel bağlamağın çətinliyi) gəncləri evlilik məsələsində daha da qərarsız edib. Ona görə 2020-2022-cü illərdə nikahların sayı çox sürətlə aşağı düşüb. Bu, ölkədə demoqrafik böhranı aradan qaldırmağa çalışan hökumətə də əlavə problemlər yaradıb”.
Rəsmi statistikaya əsaslanan “Nyu-York Tayms” yazır ki, Çində ardıcıl doqquz ildir nikahlar azalır: “2013-cü ildən 2022-ci ilin sonunadək ölkədə nikahların sayı iki dəfə düşüb. Hesabata görə, 2022-ci ildə bağlanan nikahların sayı 6,8 milyona yaxın olub. 2013-cü ildə göstərici 13,5 milyon idi. 1986-cı ildən sonra nikahların sayı heç vaxt 2022-ci ildəki qədər az olmayıb”.
Qəzet yazır ki, 2023-cü ilin birinci yarısında nikaha girənlərin sayında artım müşahidə edilib: “Amma o biri yandan boşanmalar da artıb. 2023-cü ilin birinci rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə nikaha girənlərin sayı 40 minə, boşananların sayı isə 127 minədək çoxalıb.
Sosioloji sorğular göstərir ki, gəncləri evlənməkdən çəkindirən səbəblərdən biri uşaq oxutmağın çox baha başa gəlməsidir. Bundan başqa şəhərdə məskunlaşan qadınların təhsil səviyyəsi və maddi müstəqilliyi artdıqca evliliyin onlar üçün iqtisadi zəruriliyi azalır. Kişilər subay qalmalarının bir səbəbini də mədəni mühitin, ictimai əxlaqın “evlənməmişdən qabaq gərək evin, maşının olsun” kimi tələbi ilə izah ediblər. Pandemiya dövründə hökm sürən qeyri-sabitlik bu cür ictimai təzyiqləri daha da gücləndirib və bir çox gəncin ailə həyatı qurmaq düşüncəsini dəyişib”.
“Nyu-York Tayms” xatırladır ki, 1949-cu ildə qurulan, Kommunist Partiyasının idarə etdiyi Çin Xalq Respublikasına 2012-ci ildən Si Cinpin başçılıq edir. Qəzet 1953-cü il təvəllüdlü Si Cinpinin dövründə kommunist rejiminin ictimai həyatın daha çox aspektini nəzarət altına almasını da nikah sayına təsir göstərən mühüm amillərdən biri kimi vurğulayır.
Avstraliyanın Viktoriya Universitetinin baş elmi işçisi Syuzan Pen “Nyu-York Tayms”a bildirib ki, gənclərin sabaha inamı yoxdursa, onların öz ayaqları üstündə dura biləcəyinə güvənib evlənməyə qərar verəcəyini gözləmək çətindir.
Qəzet yazır ki, Çində adamların rəsmi nikahdan kənar övlad sahibi olmasına çox nadir halda rast gəlinir: “Ona görə nikahların azalması birbaşa doğumun, əhali sayının da azalması ilə nəticələnir. 2022-ci ildə Çində əhalinin sayı dəhşətli aclığın baş verdiyi 1960-cı illərin əvvəllərindən bu yana ilk dəfə olaraq aşağı düşüb”.
Mənbə: Nytimes.com