Mərhum jurnalist Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabı çapdan çıxıb. RAF poliqrafiya müəssisəsində jurnalistlər Elşən Əliyev, Süleyman Qaradağlı, Hikmət Sabiroğlu, Azər Qaraçənlinin redaktorluğu ilə buraxılan kitabda Şakir Yaqubovun 2017-2020-ci illərdə Novator.az saytında dərc edilmiş publisistik qeydləri toplanıb.
Kitab ictimaiyyətə iyulun 20-si saat 14-də Mətbuat Şurasında (Bakı, Məmməd Araz küçəsi, 4) təqdim olunacaq.
1951-ci il fevralın 25-də Astaranın Balaca Şahağac kəndində doğulan Şakir Yaqubov Bakı Dövlət Universitetini bitirib.
“Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” qəzetlərində xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan müxtəlif vəzifələrdə çalışıb, Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru olub.
“Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarının müəlliflərindəndir, bir neçə kitabın tərcüməçisi, publisistik və elmi-kütləvi nəşrlərin redaktorudur.
1989-cu və 2005-ci illərdə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Şakir Yaqubov 2022-ci il oktyabrın 15-i Bakıda vəfat edib. Ölümündən sonra jurnalistə həsr olunmuş “Ustadlıq missiyası” kitabı çapdan çıxıb.