Novator.az vəkillik normalarına nəzər salıb. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna görə, Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmiş şəxs vəkillik fəaliyyəti həyata keçirə bilər. Cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Ali Məhkəmədə təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçinin Konstitusiya Məhkəməsində təmsil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsidir.
Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında yazılı testdən və şifahi müsahibədən ibarət ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Ədliyyə Akademiyasında icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra, hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.
Vəkillər Kollegiyasının nizamnaməsini, İxtisas və İntizam komissiyalarının əsasnamələrini və vəkillərin davranış qaydaları haqqında əsasnaməni qəbul etmək, onlara əlavə və dəyişikliklər etmək, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, İntizam Komissiyasının sədrini və üzvlərini seçmək Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müstəsna səlahiyyətidir.
Üç ildən az olmayan müddət ərzində vəkil işləmiş, Vəkillər Kollegiyasının üzvləri arasında nüfuza malik olan və seçkilər gününədək intizam tənbehi olmayan şəxslər Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri seçilə bilərlər.
Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağında beş il müddətinə seçilirlər. Heç kəs iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilməz.
Vəkilliyə namizədlərin qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır.
İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
Vəkillərin peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verdiyi intizam pozuntularına dair şikayətlərə və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır.
Vəkili yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Rəyasət Heyəti intizam məsuliyyətinə cəlb edir. Vəkilə bu intizam tənbehləri tətbiq edilə bilər: irad tutma; töhmət; üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması.
Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər.
“Vəkillərin davranış qaydaları haqqında” əsasnamə vəkilə vicdanlı davranış; loyallıq; ictimai etimad; konfidensiallıq; hüquq, azadlıq və qanuni maraqlara, şərəf, ləyaqət və işgüzar nüfuza hörmət; mədəni davranış; qərəzsizlik; maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi kimi şərtlər qoyur.
Davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
2017 və 2022-ci illərdə Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilib.
1976-cı il təvəllüdlü Anar Bağırov hüquq elmləri üzrə fəlsəfə doktorudur. 2005-ci ildən Vəkillər Kollegiyasının, 2012-ci ildən Rəyasət Heyətinin üzvüdür.