Qlobal Dezinformasiya İndeksi (The Global Disinformation İndex) təşkilatı Rusiyanın Almaniyada apardığı dezinformasiya kampaniyası haqda hesabat hazırlayıb.
Qlobal Dezinformasiya İndeksi qeyri-hökumət təşkilatıdır, Böyük Britaniyada fəaliyyət göstərir.
Novator.az-ın məlumatına görə, təşkilatın hesabatında xatırladılır ki, Kreml 2022-ci ilin fevralında Ukraynada total müharibəyə başlayanda Rusiyanın enerji resurslarından asılı vəziyyətdə olan Avropa ölkələrində həm böhran, həm də böhran qorxusu baş qaldırıb: “Bu ölkələr bir yandan Ukraynanı dəstəkləmək, o biri yandan da Rusiya ilə iqtisadi münasibətləri qorumaq arasında qalıb”.
Qeyd olunur ki, Avropada Rusiyanın enerji resurslarının əsas idxalçısı Almaniyadır: “2022-ci ilin əvvəlinə olan məlumata əsasən, Almaniya Rusiyadan hər ay 1,8 milyard avro dəyərində enerji alıb. Ona görə Ukrayna müharibəsi başlananda Almaniyada enerji böhranı qorxusu daha artıq olub”.
Lakin hesabatda deyilir ki, çətinliklərə baxmayaraq Qərb dövlətləri, o cümlədən 3,5 milyon nəfər rusdilli vətəndaşı olan Almaniya Moskvaya qarşı sərt mövqedən çəkinməyib, bu isə Kremlin qarayaxma kampaniyasını gücləndirməsinə gətirib: “Kreml Qərbin rusofob siyasətçilərinin guya Avropa xalqlarının rifahına, əzab-əziyyətinə saymazyana yanaşdığını təbliğ etməyə başlayıb”.
Ukrayna müharibəsinin Avropada ən müxtəlif fərziyyələrə söykənən saxta məlumatları artırdığını vurğulayan hesabat müəllifləri qeyd edirlər ki, faktiki xalqla hökumət arasında, cəmiyyətin ayrı-ayrı təbəqələrinin bir-birinə münasibətində düşmənçilik aşılayan tezislərin hamısı Kremldən qaynaqlanır.
Bildirilir ki, Rusiyanın Almaniyada yaydığı uydurma məlumatlar cəmiyyəti parçalamağa, Qərb institutlarına inamsızlıq aşılamağa, Ukraynaya yardımla bağlı vahid mövqeni sarsıtmağa hesablanıb.
Qlobal Dezinformasiya İndeksinin apardığı monitorinq göstərib ki, Kremlin sifarişi ilə almandilli auditoriyada ukraynalılar yolunu azmış rusofoblar kimi təqdim edilir. Elə qələmə verilir ki, guya Moskva Kiyevə hücum çəkməyə məcbur olub, çünki Ukraynada rusdilli əhaliyə qarşı soyqırımı törədilirmiş, Kiyev “rus dünyasını” məhv etmək istəyirmiş.
Kremlin idarə etdiyi dezinformasiya kampaniyasında Ukraynanın bioloji silah, yaxud “çirkli bomba” hazırlaması, Kiyevin Avropanı nüvə partlayışı ilə üz-üzə qoyması iddiaları da yer alır.
Kreml Qərbin müharibədən, daha dəqiqi, silah satışından külli miqdarda qazanc götürdüyünü, ona görə Ukrayna ilə sülh danışıqlarını uzatmağa çalışdığını da təbliğ edir: “Almaniyada ABŞ-ın Ukraynada bioloji laboratoriyalar qurub mülki əhali və əsgərlər üzərində müxtəlif eksperimentlər aparması, humanitar yardım təşkilatlarının uşaq alverini ört-basdır etməsi kimi fərziyyələr də geniş yayılmaqdadır”.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkəyə qarşı total müharibə aparır və yeni ərazilər ələ keçirib. Rusiyanın işğalçı müharibəsi dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.
Mənbə: Disinformationindex.org