2021-ci ilin iyul ayından ötən iki il ərzində İranda azı 165 qadını ailə üzvü öldürüb. Böyük Britaniyanın “Middle East Eye” saytı bu statistikanı İranın “Şərq” qəzetindən götürüb. Novator.az saytı bildirir ki, təqdim olunan rəqəm İranda orta hesabla hər dörd gündə bir qadın qətli deməkdir.
Statistikaya əsasən, qadınlardan 108-ni əri, 17-ni qardaşı, 13-nü atası, 9-nu oğlu, 18-ni isə başqa yaxın kişi qohumu qətlə yetirib.
43 qadın odlu silahla, 40 qadın bıçaqla öldürülüb.
35 qadını boğaraq, 6 qadını yandıraraq, 4 qadını çəkic zərbəsi ilə öldürüblər.
Qadınlardan bəzisini hündürlükdən yerə atmaqla, daşqalaq etməklə qətlə yetiriblər.
165 qətldən 87-si ailə münaqişəsi, 38-i namus ləkəsi, 10-u maddi problemlə izah olunub.
30 qətlin motivi aydın izah edilmədiyinə görə qaranlıq qalıb.
“Middle East Eye” yazır ki, geniş yayılmış təsəvvürün əksinə olaraq qadın qətllərinin heç də hamısı əyalətlərdə – kənd yerlərində, ucqar yaşayış məntəqələrində baş verməyib: “41 qətl paytaxt Tehranda və ona yaxın bölgələrdə törədilib”.
Ekspertlər İranda ailə üzvlərinin əlində ölən qadınların sayının “Şərq” qəzetində göstəriləndən daha artıq olduğuna əmindirlər. Elə “Şərq” də materialı dərc edərkən vurğulayıb ki, statistikaya ailə-məişət münaqişəsi üzündən, yaxud erkən nikaha məcbur edildiyindən intihar yolunu seçmiş xanımlar daxil deyil.
Mənbə: Middleeasteye.net