Rusiyada Priqojin sorğuları – “Nyu-York Tayms”
- 06 İyul 2023
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
Rusiyalıların Yevgeni Priqojinə münasibəti necədir? Novator.az saytı xəbər verir ki, ABŞ-ın “Nyu-York Tayms” qəzeti ictimai rəy sorğularına əsaslanaraq bu suala cavab axtarıb.
Yevgeni Priqojin 1961-ci ildə Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. 1979-cu ildə oğurluq ittihamı ilə 2 il şərti iş alıb, 1981-ci ildə oğurluq, soyğunçuluq, dələduzluq, yeniyetməni cinayətə cəlb etmək ittihamları ilə azadlıqdan məhrum edilib. 1990-cı ildə azadlığa çıxan Yevgeni Priqojin xırda biznesə girişib, sonradan böyük mağazalar və restoranlar şəbəkəsi qurub, həmçinin inşaat sahəsində fəaliyyət göstərib.
Yevgeni Priqojin həmyerlisi, Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından sayılıb. Bu yaxınlıq 1990-cı illərin əvvəllərindən, Vladimir Putin Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olandan başlayıb.
1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə prezident seçilib. 2008-ci ilin may ayından baş nazir olub. 2012 və 2018-ci illərdə prezident seçilib. Onun 2024 və 2030-cu illərdə də dövlət başçısı postuna namizəd olmaq hüququ var.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Rusiyaya birləşdirən, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə işğalçı rejimlər quran Vladimir Putin 2022-ci il fevralın 21-də həmin vilayətləri “müstəqil dövlətlər” kimi tanıyıb, üstəlik, Ukraynada total hərbi müharibəyə başlayıb. Bir neçə aya Rusiya Ukraynanın cənub-şərq bölgəsini ələ keçirib. Sentyabrın 29-da Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərini də “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də isə həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini Rusiyaya birləşdirdiyini açıqlayıb.
Rusiya-Ukrayna müharibəsi milyonlarla adamın qaçqın, məcburi köçkün düşməsinə, hər iki tərəfdən on minlərlə adamın həlak olmasına gətirib. Savaşda prezident Putinin arxalandığı əsas qüvvələrdən biri “Vaqner” özəl hərbi birləşməsi olub. İlk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxan, Ukrayna ilə yanaşı Asiya və Afrika ölkələrində də müxtəlif hərbi-siyasi layihələrə cəlb olunaraq çoxsaylı cinayətlər törədən “Vaqner”in rəhbəri Yevgeni Priqojindir. Priqojinin himayəçisi Putin “Vaqner”in də himayəçisi sayılıb.
2022-ci ilin sonlarında Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında münasibətlərin pisləşdiyi açıq müşahidə edilməyə başlanıb. Priqojin vaxtaşırı sosial şəbəkələrdə yaydığı çıxışlarında Rusiyanın rəsmi hərbi komandanlığını, əsas da müdafiə naziri Sergey Şoyqunu kəskin tənqid, hətta təhqir edib. 2023-cü il iyunun 24-nə keçən gecə isə Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqner”in düşərgəsini raket atəşinə tutmaqda ittiham edərək döyüşçülərini qiyama qaldırıb. “Vaqner”çilər Rusiyanın Rostov və Voronej vilayətlərində bir çox məntəqəni nəzarətə götürüb paytaxt Moskvaya yön alıblar. Rusiya Baş Prokurorluğu Yevgeni Priqojinə hərbi qiyam təşkili ittihamı ilə cinayət işi açıldığını bəyan edib. Prezident Vladimir Putin televiziya ilə xalqa müraciətində “Vaqner”in üsyanını dövlətə xəyanət adlandırıb və sərt tədbirlər görüləcəyini deyib. Axşam Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə aparılan danışıqlarda Priqojinə və döyüşçülərinə verilən təhlükəsizlik vədi nəticəsində “Vaqner” geri çəkilib, cinayət işi ləğv olunub.
“Nyu-York Tayms” qəzeti yazır ki, Moskvada yerləşən, qərəzsiz tədqiqatları ilə tanınan “Russian Field” şirkəti 2023-cü ilin fevralından Yevgeni Priqojinin də reytinqini ölçməyə başlayıbmış. Qiyama qədər şirkət bu məqsədlə Rusiyanın müxtəlif subyektlərində, hər dəfə yaşı 18-dən yuxarı 1600 nəfər arasında iki sorğu keçiribmiş.
İlk sorğu 30 yanvar-6 fevral aralığında olub. Respondentlərin 41 faizinin Priqojinə rəğbət bəslədiyi, 15 faizinin mənfi yanaşdığı, 31 faizinin isə onu tanımadığı aydınlaşıb.
İkinci sorğu qiyamdan bir neçə gün əvvələ – iyunun 16-19-na düşüb. Respondentlərin 55 faizi Priqojinə rəğbət bəslədiyini, 15 faizi mənfi yanaşdığını, 17 faizi onu tanımadığını söyləyib.
Qiyamdan sonra, iyunun 26-30-da “Russian Field” Priqojinlə əlaqədar daha bir sorğu keçirib. Bu sorğu da Rusiyanın müxtəlif subyektlərini əhatə edib, yaşı 18-dən yuxarı 1600 nəfər arasında aparılıb. Priqojinə rəğbət bəslədiyini deyənlərin sayı 29 faiz olub. 39 faiz ona münasibətinin mənfi olduğunu açıqlayıb. 7 faiz Priqojini tanımadığını diqqətə çatdırıb.
“Nyu-York Tayms” yazır ki, baş tutmamış qiyam Priqojinin reytinqini az müddətdə xeyli aşağı salıb: “Priqojinin bir neçə saatlıq üsyanı Vladimir Putinin 20 ildən çoxdur hakimiyyətdə olduğu dövrdə ölkə rəhbərliyinin üzləşdiyi ən dramatik çağırış idi. İyunun 24-ü qiyamçıların bir neçə rus hərbi pilotunu öldürdüyünü, ölkə siyasilərinin, hərbi liderlərin qiyama dəstək vermədiyini, Kremlin Priqojini gözdən salmaq üçün geniş miqyasda iş apardığını nəzərə alsaq, əhalinin 29 faizinin hələ də “Vaqner” rəhbərinə rəğbət bəsləməsi heyrətamiz göstəricidir. Onu da yaddan çıxarmayaq ki, sorğular Rusiyada söz azadlığının ciddi basqı altında olduğu, repressiyaların gündən-günə gücləndiyi, hakimiyyət əleyhinə fikir söyləyənlərin həbsə atıldığı bir dövrdə təşkil edilib.
Ukrayna ilə müharibə aparmağa kəc baxmağın yasaqlandığı bir ölkədə – Rusiyada ictimai rəyi düz-əməlli öyrənmək mümkündürmü? Bu məsələdə ekspertlərin fikirləri haçalanır. Bəziləri hesab edir ki, mümkün deyil, çünki repressiya insanlara fikrini səmimi ifadə etməyə imkan vermir. Amma sorğu keçirən şirkətlər vurğulayır ki, sualları ustalıqla tərtib edəndə, prosesi peşəkarcasına aparanda etibarlı nəticə əldə etmək, ictimai rəyi üzə çıxarmaq olur”.
“Nyu-York Tayms” qeyd edir ki, “Russian Field”in təqdim etdiyi nəticələr müəyyən qədər ABŞ-ın “FilterLabs.AI” şirkətinin gəldiyi qənaətlə də üst-üstə düşür: “Rusiyada ictimai ovqatı əsasən sosial media platformalarını, internet forumlarını izləməklə öyrənən “FilterLabs.AI” bu yaxınlarda bəyan edib ki, qiyamdan sonra rusiyalılar arasında Priqojini dəstəkləyənlərin sayı azalıb.
Priqojin qiyama qədər çıxışlarında Rusiyanın hakim elitasını yıxıb-sürüyürdü. Onun çıxışları rusiyalıların informasiya mənbəyi kimi çox istifadə etdiyi bir tribunada – dövlət telekanallarında heç vaxt nümayiş olunmasa da, tənqidi ritorikası Priqojinin ictimai nüfuzunu artırdı. “Russian Field”in iyunun 16-19-da keçirdiyi sorğu faktiki dörd ay ərzində Priqojinin reytinqinin 14 faiz gücləndiyini, ona rəğbət bəsləyənlərin sayının 41 faizdən 55 faizə qalxdığını təsdiqləyir”.
“Russian Field”in qurucusu Artemi Vvedenski “Nyu-York Tayms”a açıqlamasında deyib ki, Rusiya cəmiyyətinin Yevgeni Priqojinə bundan sonra necə münasibət bəsləyəcəyi, onun populyarlığını saxlayıb-saxlamayacağı “Vaqner” rəhbərinin ictimai meydanda nə dərəcədə aktivlik göstərəcəyindən asılı olacaq.
Mənbə: Nytimes.com