Putin və dəstəsi necə mühakimə olunsun? – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Rusiya hərbi cinayətlərinə görə məsuliyyətə cəlb edilməlidir” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az yazını ingiliscədən çevirib təqdim edir.
Rusiyanın Ukraynadakı vəhşilikləri barədə minlərlə məlumat yayılıb. Həmin məlumatların ən etibarlıları beynəlxalq qurumların, Avropanın rəsmi orqanlarının və Ukrayna Baş Prokurorluğunun topladığı sübutların bir hissəsini təşkil edir. Sübut toplusu hərbi cinayətlərin – rəhbərlik səviyyəsində sanksiyalaşdırılan, sistematik, davamlı həyata keçirilən, rus işğalının ayrılmaz hissəsi olan mənfur əməllərin sənədləşdirilməsi deməkdir. Həmin əməlləri törədənlər məsuliyyətə cəlb edilməsə, dayanıqlı sülhə nail olmaq mümkün deyil.
Rusiyanın Ukraynada yol verdiyi cinayətlərin miqyası ağlasığmazdır. Cinayətlər mülki infrastrukturun kütləvi dağıdılmasından tutmuş (xüsusilə 2022-ci ilin payızından elektrik stansiyalarına endirilən zərbələri, 2023-cü ilin iyununda Kaxovka Su Elektrik Stansiyasının partladılmasını yada salın) dinc əhalinin durmadan təcavüzə məruz qalmasınadək mülki həyatın bütün sahələrini əhatə edir. Bunların hamısı – istər dinc əhaliyə qarşı zorakılıq, istərsə mülki infrastruktura ziyan vurulması – beynəlxalq hüquqla yasaqdır.
ABŞ-ın beynəlxalq cinayət hüququ məsələlərinə dair xüsusi tapşırıqlar səfiri Bet Van Şaakın sözlərinə görə, müstəntiqlər ümumilikdə hərbi cinayətlərlə bağlı on minlərlə şikayəti araşdırmaqla məşğuldur.
BMT-nin 2023-cü ilin iyun ayında açıqladığı yeni hesabata əsasən, rusiyalı işğalçılar özbaşına tutduğu yüzlərlə Ukrayna vətəndaşının 77-ni edam edib. Onların 5-i qadındır. Rusiyanın dinc əhali arasında apardığı həbslərin əksəri işgəncələrlə, o cümlədən cinsi zorakılıqla müşayiət olunub. Hesabat Rusiya qoşunlarının qamarladığı ərazilərdə hücuma məruz qalan, öldürülən ukraynalıları əhatə etmir.
2022-ci ilin mart ayında rus qoşunları Ukrayna paytaxtı Kiyev ətrafından geri oturdulandan sonra Buça şəhərində dinc ukraynalıların kütləvi qətlə yetirildiyi bəlli olub, məzarlıqlar aşkar edilib. Buçada 450-dən çox mülki şəxsin meyiti tapılıb. Rəsmilərin sözlərinə görə, onların əksəri işgəncə ilə, döyülərək, yaxud güllələnərək öldürülüb.
2023-cü ilin iyun ayının ortalarında BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi, avstraliyalı hüquqşünas Elis Cill Edvards yazıb ki, cinayətlərin miqyası, koordinasiyalı şəkildə planlaşdırılıb həyata keçirilməsi bu əməllərin dövlət siyasətinin tərkib hissəsi olduğunu, ali rəhbərliyin birbaşa göstərişi, yaxud susqun razılığı ilə reallaşdırıldığını göstərir. Xanım Edvards rusların əlinə düşən ukraynalı mülki şəxslərə və hərbçilərə divan tutulduğunu, elektrik cərəyanı ilə işgəncə verildiyini, başına torba keçirilib döyüldüyünü, edam olunduğunu, yaxud edamla hədələndiyini vurğulayıb.
2022-ci ilin payızında BMT-nin sifarişi ilə qurulan müstəqil beynəlxalq komissiyanın Ukraynadan hazırladığı hesabatı oxuyanda da adamın ürəyi dağlanır. Hesabatda Rusiya hərbçilərinin işğal etdiyi ərazilərdə məhkəmə hökmü olmadan mülki əhaliyə qarşı həyata keçirilən edamlar, işgəncələr, zorlamalar, o cümlədən digər cinsi zorakılıqlar ətraflı təsvir edilib. Qurbanlar arasında azyaşlılar da var, yaşlılar da. Lap yaşlı adamlar da var. Onların ifadələrini oxuyanda adamın tükləri biz-biz olur. 2022-ci ilin martında, Kreml Ukraynaya total hərbi hücuma göstəriş verəndən bir neçə həftə sonra iki rus əsgər Kiyev yaxınlığında evə girərək 22 yaşlı qadını dəfələrlə zorlayıb. Onlar qadının ərini də seksual xarakterli zorakılığa məruz qoyublar və ər-arvadı hamının gözü qabağında cinsi əlaqəyə girməyə məcbur ediblər. Sonra əsgərlərdən biri ailənin 4 yaşlı qızını zorlayıb, onunla qeyri-ənənəvi formada cinsi əlaqədə olub.
İndiyədək vur-tut iki cüt-bir tək rus əsgər törətdiyi cinayətlərə görə məhkəmə qarşısına çıxarılıb. Onların biri 21 yaşlı serjant Vadim Şişimarindir. O, işğalın ilk günlərində 62 yaşlı silahsız kişini güllələdiyini etiraf edib. Dediyinə görə, güllələmə əmrini tabe olduğu yuxarı rütbəli hərbçidən alıb. Ukraynada məhkəmə Vadim Şişimarinə ömürlük həbs cəzası kəsib.
ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun, Avropanın hüquq mühafizə orqanlarının, habelə BMT-nin və digər beynəlxalq qurumların təhqiqatçıları ukraynalı qurbanları və şahidləri dindirməklə məşğuldur. Onların topladığı dəlil-sübutlardan nə vaxtsa günahkarları məsuliyyətə cəlb edəndə istifadə oluna bilər. Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin də o sənədlərdən yararlanması mümkündür. Bütün bunlar cavabdehliyin təmin olunması baxımından lazımlı işlərdir, amma tam kifayət deyil.
2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Səbəb yüzlərlə ukraynalı uşağın oğurlanıb Rusiyaya aparılmasıdır. İttiham aktına əsasən, bu hərbi cinayət Putinin göstərişi ilə törədilib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətin başçısı haqqında bu cür qərar çıxarılması – onun həbsinə order verilməsi tarixdə ilk dəfədir.
Əslində, Putinin və onun ətrafına yığdığı dəstənin cinayətləri daha böyükdür: onlar müharibəyə başlayıblar! Bütün sonrakı vəhşiliklər isə məhz müharibə qərarının nəticəsidir. Putin və dəstəsi İkinci Dünya müharibəsindən sonra Nürnberq prosesinə çəkilən nasist hərbi canilər kimi təcavüzkarlıq cinayətində mühakimə olunmalıdır. Kremldəkilərə toxunmadan, yalnız ayrı-ayrı əsgər və zabitləri məhkəmə qarşısına çıxarmaqla ədalət mühakiməsi qurmaq mümkün deyil. Avropa hökumətləri, son zamanlar həmçinin ABŞ prezidenti Cozef Baydenin administrasiyası bu yanaşmanı dəstəkləyir. Ancaq planın hansı tribunal vasitəsilə həyata keçiriləcəyi hələ dəqiqləşməlidir. Həmin tribunalın üzərinə Putini və onun əlaltılarını da mühakimə etmək məsuliyyəti düşür. Bunun isə mexanizmi razılaşdırılmalıdır, mühakimə lap qiyabi şəkildə də olsa aparılmalıdır.
Əlbəttə, Putin və dəstəsinin tezliklə məhkəmə qarşısında oturacağına inanmaq olmur. Amma 2023-cü il iyunun 24-də Rusiyanın “Vaqner” adlı bədnam özəl hərbi birləşməsinin qaldırdığı bir sutkalıq hərbi qiyamın Putin hakimiyyətini necə silkələdiyini görəndə düşünürsən ki, məhkəmə perspektivi, deyəsən, o qədər də qeyri-real deyil. Müttəhimlər kürsüsündə oturanadək çox özündənrazı qoluzorlular, diktatorlar toxunulmaz görünüb, onların cəzasız qalacağı güman edilib. Rusiya liderini ən böyük cinayətinə – bunca şəhəri, qəsəbəni, kəndi viran qoyan, bunca insan ömrünü məhv edən əsassız müharibəyə qərar verdiyinə görə məsuliyyətə cəlb etməyin vaxtıdır.
Mənbə: Washingtonpost.com