Azərbaycanlı iş adamı Adnan Əhmədzadə futbol ulduzu Lionel Messiyə Azərbaycan xalçası hədiyyə edib. AZƏRTAC-ın məlumatına görə, “Əjdahalı” kompozisiyalı xalça 2016-cı ildə yaradılmış “Azərxalça” ASC-nin istehsalıdır.
Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan “Əjdahalı” xalçaların tarixi Səfəvilər dövrünə (16-18-ci əsrlər) gedib çıxır.
Novator.az bildirir ki, 1987-ci il iyunun 24-ü Argentinanın Rosario şəhərində doğulan Lionel Messi 2000-ci ildən İspaniyada yaşayıb, “Barselona” klubunun məktəbində yetişib.
Hücumçu 2004-2021-ci illərdə “Barselona” forması geyinib, 2021-2023-cü illərdə Fransanın PSJ komandasında oynayıb, indi karyerasını ABŞ-ın “İnter Mayami” komandasında davam etdirir.
Lionel Messi 10 dəfə İspaniya çempionu, 2 dəfə Fransa çempionu olub, 7 dəfə İspaniya kubokunu, 7 dəfə İspaniya superkubokunu, 1 dəfə Fransa superkubokunu qazanıb.
“Barselona” ilə Lionel Messi 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 3 dəfə UEFA superkubokunu qazanıb, 3 dəfə klublar arasında dünya çempionluğu əldə edib.
Lionel Messi Argentinanın gənclər yığması ilə dünya çempionu (2005) və olimpiya çempionu (2008) titullarına sahib çıxıb.
2005-ci ildən oynadığı Argentina milli komandasının heyətində Lionel Messi Amerika kubokunun sahibi (2021), dünya çempionu (2022) olub.
Lionel Messi futbolda ən nüfuzlu fərdi təltif sayılan “Qızıl top” mükafatının rekordçusudur. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” alıb.