İyunun 27-si Fransada polisin Əlcəzair əsilli gənci güllələyib öldürməsi ölkəni iğtişaşlara qərq edib. Novator.az-ın məlumatına görə, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli bu gərginliklə bağlı şərhində qeyd edir ki, Avropa səhv multikulturalizm siyasətindən əziyyət çəkir: “İkinci Dünya savaşında Avropa ölkələrinin bir çoxu dağılmış, milyonlarla insan həlak olmuşdu. ABŞ-ın təqdim etdiyi Marşall planına uyğun olaraq sənayeləşmə, iqtisadi yenidənqurma işləri başladı, əsasən də Qərbi Almaniya sənayeləşmə mərkəzinə çevrildi. Amma ciddi problem vardı – əmək qüvvəsi çatışmırdı. Qərbi Almaniya qapılarını açdı, əsasən Türkiyədən 1,5 milyon işçi qüvvəsi cəlb edildi, onlar Avropa cəmiyyətinə inteqrasiya olundular, məhz ilk dalğanın uşaqları sonra idmanda, elmdə, siyasətdə ciddi uğur qazanmağa başladılar.
SSRİ dağılandan sonra Qərb dünyası çox arxayınlaşdı, miqrasiya siyasətini dəyişdi, sol, yalançı liberal yanaşma önə çıxdı, sonra da termin uydurdular – multikulturalizm. Qulağa xoş gələn bu termin və yanaşma Avropada müasir “gettoların” yaranmasına, qaçqınların fraqmentallaşmasına, lokallaşmasına səbəb oldu. Şəhərlərdə ayrıca ərəb məhəllələri, hətta, məsələn, əlcəzairlilər, mərakeşlilər, liviyalılar, suriyalılar, iraqlılar məhəllələri yarandı, inteqrasiya prosesi “multikulturalizmlə” əvəz edildi, guya bununla insan haqlarına hörmət ifadə edilirdi. Əslində isə dini, etnik azlıqlar öz dünyasında yaşamağa başladılar, dil, qanun, seçki, siyasət öyrənmədən, əsasən sosial yardımlarla həyat sürməyə başladılar. Liviyalı özününkü olan dəlləyə gedib saçını kəsdirir, əlcəzairli özününkünün dükanına gedir, mərakeşli özündən olanın restoranında yemək yeyirdi. Beləliklə, cəmiyyətə qaynayıb-qarışmaqdansa lokallaşıb öz içlərinə qapanırdılar. Uğur yeri siyasət, idman və musiqi idi, bu da çox az adama məxsus istedaddır, yerdə qalanları kasıb və aqressiv həyat yaşamağa başladılar. Avropa ölkələrinin mənasız və səhv multikulturalizm siyasəti cəmiyyəti böldü, inteqrasiyanın qarşısını aldı, nəticədə köçkünlərdə sistemə, ölkəyə, siyasətə qarşı aqressiya artmağa başladı. Öz kasıb həyatlarının günahını yaşadıqları ölkədə görməyə başladılar, bunun üstünə dini faktor da gələndə aqressiya artdı, zaman-zaman Fransanın, Belçikanın, Niderlandın və başqa ölkələrin küçələrinə daşdı. Heç təsadüfi deyil ki, Qərbi Avropa ölkələrinin 40 mindən çox vətəndaşı Suriyada İŞİD-ə qoşulmuşdu, orda vuruşurdular, onların 15 mini həlak olub, yerdə qalanı öz ölkələrinə qayıdıblar və bu gün küçələrdədirlər.
İşi, təhsili olmayan, yaşadığı cəmiyyətin “dilini” bilməyən (söhbət tək fiziki dildən getmir, kodlardan gedir) aqressiv gənclik cinayətkarlığa meyilləndi. İndi də Avropa ölkələri dizlərinə döyüb vəziyyətdən çıxmağa yol axtarırlar, amma hələ də öz səhv “multikulturalizm” siyasətlərini etiraf etmirlər, nəticədə ölkələrdə sağ, millətçi cərəyanlar populyarlıq qazanmağa başlayır, ard-arda seçkiləri udur. Bu isə ölkələri digər kəskin bucağa sürükləyib problemləri daha da dərinləşdirəcək”.