Rusiyanı sarsıdan hərbi qiyam sovuşur.
Prezident Vladimir Putinlə yaxın əlaqələri olan iş adamı Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi birləşməsinin döyüşçüləri iyunun 24-nə keçən gecə Rusiya Müdafiə Nazirliyinə qarşı qiyama qalxıb, Rostov və Voronej vilayətlərində bir çox məntəqəni nəzarətə götürərək paytaxt Moskvaya yön alıblar.
Yevgeni Priqojinə hərbi qiyam təşkili ittihamı ilə cinayət işi açılıb, prezident Vladimir Putin xalqa müraciətində “Vaqner”in üsyanını dövlətə xəyanət adlandırıb.
Həmin axşam “Vaqner” geri çəkilib. Rusiya hakimiyyəti Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə aparılmış danışıqlarda Yevgeni Priqojinə və döyüşçülərinə təhlükəsizlik vəd edib.
“Vaqner” Ukraynada aparılan işğalçı müharibədə döyüşür. Bu qrupla Rusiyanın rəsmi hərbi komandanlığı arasında kəskin münaqişə var.
Rusiyada baş verənlər Azərbaycanda da geniş müzakirə olunur. Novator.az-ın məlumatına görə, ADR Partiyasının sədri Qubad İbadoğlu yazır ki, Priqojinin qiyamı Rusiyanın hərbi-siyasi komandanlığı arasında çəkişmənin məntiqi nəticəsi idi və problemi həll etmədi, daha da dərinləşdirdi: “Rusiya ordusu vahid mərkəzdən idarə olunmur, ölkədə ali hərbi komandanlığı saymayan hərbi və yarımhərbi birləşmələr var. Qiyam Rusiyanın vətəndaş müharibəsinin bir addımlığında olduğunu göstərdi.
Prezident Putinin ölkəni idarə edə bilmədiyi açıq üzə çıxdı, indi o, nəinki beynəlxalq aləmdə, Rusiya xalqı və siyasi elitası arasında da etimadını itirir.
Bu hadisə cəbhədə Ukrayna döyüşçülərinin psixoloji üstünlüyünü daha da artıracaq, Rusiya ordusunun mənəvi və hərbi böhranını dərinləşdirəcək.
Bir müddətdən sonra yeni “Vaqner”lər yarana və qan tökülə bilər. Bir sözlə, Rusiya batır, batan gəmini tərk etmək üçün çox az zaman qalıb, əks təqdirdə Putin həmrəy diktatorları da özü ilə aparacaq”.
Müstəqil siyasətçi Azər Qasımlı qeyd edir ki, Rusiyada baş verənlər quldurların qarşıdurmasıdır: “Seçki yox, müxalifət susdurulub, müstəqil media qapadılıb. Dövlətin bütün demokratik institutları iflas olub, dövlət deyəndə bir nəfər nəzərdə tutulur.
Putin demokratik seçkilərdə qalib gəlməyib ki, vətəndaş çıxıb onu dəstəkləsin, 2016-cı ildə Türkiyədə olduğu kimi tankın üstünə əliyalın yürüsün.
Avtoritar rejim gözümüzün önündə Rusiyanı Suriyaya, Somaliyə çevirdi. Bu hamıya dərs olmalıdır, bir adama bağlı bütün mafioz avtoritar ölkələri eyni aqibət gözləyir.
Priqojinin qiyamı Rusiya iqtidarını zəiflətdi, prezident Putunin legitimliyinə böyük zərbə dəydi. Qlobal rəqabətdə Rusiya strateji olaraq çoxdan məğlubdur. İndi Putinin hakimiyyətinin uzun çəkməyəcəyi də bəlli oldu”.
Vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev yazır ki, arxasında elm, təhsil durmayan güc əsl güc deyil, şişirdilmiş şardır: “Stalindən miras qalan nüvə silahına sarılmaqla dünyanı şantaj etmək qorxaqlığın göstəricisidir. Rusiya təbii imkanları, insan resursları ilə Avropanın ən güclü dövləti ola biləcəyi halda rəzil duruma düşərək həm özünü, həm də bütün qonşularını bədbəxt edib. Rusiyanın əli yetən, sözü keçən bircə ölkədə xoşbəxtliyin, işığın izləri yoxdur. Hər yer zülmətdir. Putinin müttəfiq saydığı bircə ölkədə xalqın səsini alan, xalqına dəyər verən, seçki keçirib hakimiyyətdən üzüsulu gedən bircə lider yoxdur”.