İyunun 25-də sərəncam imzalayan prezident İlham Əliyev Müdafiə Nazirliyinin 5 polkovnikinə general-mayor ali hərbi rütbəsi verib: Elmir Zülfüqar oğlu İbrahimov, Arif Həsən oğlu Həsənov, İslam Şixzadə oğlu Əmirağayev, Bilal İsmayıl oğlu Çompuzov, İlqar Saab oğlu Qafarov.
Başqa sərəncamla bir çox hərbi qulluqçu “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli “Rəşadət” ordeni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı, “Cəsur döyüşçü” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar. Onların arasında 21 şəhid də var.
İyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
Azərbaycan Konstitusiyasına görə, Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Azərbaycan Ordusuna müdafiə naziri komandanlıq edir.
Müdafiə Nazirliyi 1991-ci il sentyabrın 5-də yaradılıb, oktyabrın 9-da “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun qüvvəyə minib. 1992-ci il sentyabrın 18-də 9 oktyabr Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib.
1998-ci il mayın 22-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci ildə ilk ordu hissəsi – əlahiddə Azərbaycan korpusu yaratdığı əsas götürülərək iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.