Vəkil Elçin Sadıqov prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, o bildirir ki, insan haqlarını müdafiə etdiyi üçün zaman-zaman təqiblərə məruz qalıb, hətta həbs edilib: “Bu təqib və təzyiqlər bitmək bilmir. Barəmdə əsassız cinayət işi davam edir, halbuki əməlimdə heç bir hüquq pozuntusu yoxdur.
Son dövrlər işgəncələrə və qeyri-insani rəftara qarşı kəskin fəaliyyət apardığım üçün Vəkillər Kollegiyasının Rəyasət Heyəti barəmdə intizam icraatı başlayıb. Məlum olub ki, 2022-ci ilin sentyabr ayında jurnalist Eynulla Fətullayev Vəkillər Kollegiyasına şikayət edib.
İyunun 24-də Vəkillərin İntizam Komissiyası sifarişlə məndə “pozuntu” aşkar edib. Halbuki Eynulla Fətullayevin şikayət vermək hüququ və bu şikayətin icraata qəbul edilməsi üçün əsas yoxdur. Ümumi qəbul edilmiş müraciət hüququna əsasən, hər kəsin özünün hüququnu pozan, hüquq və maraqlarına toxunan halla bağlı müraciət etmək hüququ var. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bu “şikayətə” ona görə baxmaq səlahiyyəti yoxdur ki, bununla bağlı iş prokurorluğun icraatındadır. Qeyri-qanuni intizam icraatına ona görə baxılır ki, hüquq pozmada təqsirli çıxarılım, barəmdə başlanmış cinayət işinə xitam verilməsinin qarşısı alınsın.
İnsan hüquq və azadlıqların müdafiə edən bir vəkil olaraq Sizdən xahiş edirəm fəaliyyətimi təhlükəsiz və müstəqil həyata keçirməyimə köməklik göstərəsiniz, mənə qarşı qanunsuz intizam, cinayət təqib və təzyiqlərinə son qoyulmasına göstəriş verəsiniz”.
Elçin Sadıqov 2022-ci il sentyabrın 10-da, jurnalist Əvəz Zeynallı ilə eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsinin jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham etdiyi açıqlanıb. İddiaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb.
Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
Əvəz Zeynallı 2023-cü il martın 27-dən Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Elçin Sadıqovun işi başqa icraata ayrılıb.
Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğuldur, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.
Eynulla Fətullayev Haqqin.az saytının baş redaktorudur. Əvəz Zeynallı və Elçin Sadıqov cinayət məsuliyyətinə 2022-ci il sentyabrın 7-də Haqqin.az saytında getmiş yazıdan sonra alınıblar. Həmin yazıda jurnalistin Rasim Məmmədovdan rüşvət aldığı iddia olunub.