ABŞ-ın 1908-ci ildən işıq üzü görən “The Monitor” həftəliyində “Rusiyaya qarşı ikinci böyük cəbhə” adlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir.
Ən azı Ukrayna müharibəsini izləyənlər üçün maraqlı olar: Rusiya Ukraynaya total hərbi təcavüzə başlayandan – 2022-ci ildən bu ölkə ilə həmsərhəd olan Moldovada da cəbhə açıb. Rusiya ikinci cəbhədə silahı barıtla yox, yalanla doldurub, hədəfi isə ictimai rəyi qırıb-çatmaq, daha bir postsovet dövlətinin NATO-ya, Avropa İttifaqına gedən yolunu bağlamaqdır. (2022-ci il iyunun 23-də Ukrayna və Moldova Avropa İttifaqı üzvlüyünə namizəd statusu alıb.)
Ukrayna hərbə hərblə cavab verdiyi kimi Moldova da Rusiyanın yağdırdığı “informasiya raketləri” əleyhinə qala qurmağa keçib.
Hökumətin moldovalıları yalan-palandan qorumaq, həqiqətlə təmin etmək üçün gördüyü son tədbir 2023-cü ilin may ayına təsadüf edir. Həmin ay prezident Maya Sandu Rusiyanın yaydığı saxta məlumatlarla dövlət səviyyəsində mübarizə apara bilmək üçün xüsusi qurum – Vətənpərvərlik Mərkəzi yaradıb. Qərarı ictimaiyyətə elan edərkən dövlət başçısı deyib: “Rusiya bizim üstümüzə qoşunla gələ bilmir, ona görə yalanla, təbliğatla, dezinformasiya ilə gəlir”.
Kişinyov Moskvanın yalanlarına sadəcə reaksiya verməklə yox, qabaqlayıcı tədbirlər görməklə də məşğuldur.
Rusiya Ukraynaya qoşun yeridəndən sonra Moldova hökuməti “Telegram” kanalında yayılan məlumatların yoxlanması məqsədilə bu platformada hesab açıb. Ukrayna müharibəsindən əvvəl Moldovada keçirilən ictimai rəy sorğuları 2,6 milyon nəfərlik əhalinin təxminən 30 faizinin Rusiyaya meyilli olduğunu göstərirdi. Bunu nəzərə alan hökumət Ukraynaya hərbi təcavüzdən sonra Rusiyayönlü telekanalları bağlayıb. 2023-cü ilin iyun ayında isə Konstitusiya Məhkəməsi müxalifətdə olan Rusiyayönlü populist Şor Partiyasının fəaliyyətinin qadağan edilməsi haqda hökumətin qəbul etdiyi qərarı qüvvədə saxlayıb.
Avropa İttifaqı və ABŞ Moldovanın həqiqət uğrunda savaşına dəstək verir. Məsələn, Moldovada Rusiya təbliğatını ifşa edə biləcək müstəqil jurnalistlərə maliyyə yardımı ayrılır.
“Moldova Ukraynadan sonra Kremlin dezinformasiya kampaniyasından ən çox əziyyət çəkən ölkədir” – Müstəqil Mətbuat Assosiasiyasının rəhbəri Petru Makoveyin sözüdür.
2023-cü ilin mart ayında ABŞ Müdafiə Nazirliyinin Milli Kiberqüvvələrinin komandanı general Uilyam Hartman Moldovaya səfər edib.
İyunda Avstriya dezinformasiya və məlumat sızmasına qarşı mübarizəyə yardım etmək üçün Moldovaya hərbçilərdən və hüquq mühafizə orqanları əməkdaşlarından ibarət 40 nəfərlik nümayəndə heyəti göndərəcəyini açıqlayıb.
Moldova hökuməti həqiqətin qalib gələcəyinə inanır. “Adamlar təbliğatın, manipulyasiyanın, dezinformasiyanın nə olduğunu yaxşı başa düşür. Mən buna qəti əminəm. Bizim bu sahədə apardığımız iş mütləq özünü göstərəcək” – Moldovanın daxili işlər naziri Anna Revenko belə deyir.
Doğrudan da həqiqət naminə görülən iş bəhrə verir. Mərkəzi ofisi Kişinyovda yerləşən “WatchDog.MD” beyin mərkəzinin aprel ayında keçirdiyi sorğu Avropa İttifaqına və NATO-ya üzvlük məsələsini dəstəkləyən moldovalıların sayının artdığına dəlalət edir.
Demokratiya həqiqətlə nəfəs alır. Şükür, hələ ki, Moldova həqiqət uğrunda savaşda Rusiyanın yalanlarına qalib gəlir.
Mənbə: Csmonitor.com