Gədəbəyin Söyüdlü kəndinin sakinləri iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsir göstərdiyini vurğulayıblar. Polis aksiyanı dağıdıb. Xəsarət alanlar, tutulanlar var.
Bu olay ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədr təyin edildiyi komissiyaya sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində müraciətlərin araşdırılmasını təmin etmək, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq təkliflər hazırlamaq tapşırılıb.
İyunun 22-də polis Söyüdlü kəndinə giriş-çıxışı nəzarətə götürüb və məhdudiyyətlər tətbiq edib.
Hüquqşünas Ələsgər Məmmədli yazır ki, yaşayış yerinə giriş-çıxışa xüsusi buraxılış rejiminin tətbiq edilməsi yalnız qanunla nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər: “Azərbaycan Konstitusiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ var, qanuni surətdə ölkə ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” konstitusiya qanunu hərəkətin məhdudlaşdırılması hallarını belə sıralayır: dövlət təhlükəsizliyi mənafeləri üçün; sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün; cinayətin qarşısının alınması məqsədilə; ictimai təhlükəsizliyin qorunması üçün; ictimai qaydanın təmin edilməsi üçün”.
Hüquqşünas qeyd edir ki, ölkədə nə hərbi vəziyyət elan olunub, nə də fövqəladə vəziyyət: “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunda nəzərdə tutulan yoluxucu xəstəlik təhlükəsi də yoxdur. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanun da sərbəst hərəkətin məhdudlaşdıırlması, xüsusi buraxılış sisteminin tətbiqini nəzərdə tutmur. Həmin qanunda aydın göstərilir ki, əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasına yalnız cinayətlərin qarşısının alınması, onların açılması, məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslərin, itkin düşənlərin axtarışı zamanı yol verilə bilər.
Söyüdlü “Dövlət sirri haqqında” qanun çərçivəsində xüsusi girişi məhdudlaşdırılan hərbi obyektlərin ərazisi də deyil”.
Gədəbəy: Söyüdlü əhli bu dəfə şəhərdə toplaşıb