Gədəbəyin Söyüdlü kəndinin sakinləri iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsir göstərdiyini vurğulayıblar. Polis aksiyanı dağıdıb. Xəsarət alanlar, tutulanlar var.
Bu olay ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədr təyin edildiyi komissiyaya sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində müraciətlərin araşdırılmasını təmin etmək, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq təkliflər hazırlamaq tapşırılıb.
“Yeni Azərbaycan” qəzetinin yaydığı arayışa görə, Söyüdlüdəki qızıl yatağını Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti istismar edir: “Şirkətin əsas payçısı iranlı ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir”.
Novator.az bildirir ki, 1997-ci il avqustun 20-də “Azərqızıl” Dövlət Şirkəti ilə “R.V.İnvestment Group Services, LL USA” arasında bir çox yatağın, o cümlədən Söyüdlü perspektiv yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
1998-ci il martın 17-də Milli Məclis sazişin qəbulu və təsdiqi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun qəbul edib.
2000-ci il yanvarın 22-də “Azərqızıl” ləğv edilib, onun tabeliyində olan müəssisə və təşkilatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə keçib.
2022-ci il iyunun 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “R.V.İnvestment Group Services, LL USA” şirkəti sazişdə dəyişiklikləri imzalayıb. İyunun 28-də Milli Məclis yenilikləri rəsmiləşdirən qanun qəbul edib.
“Yeni Azərbaycan” yazır ki, aparılmış dəyişikliklə 882 kvadrat kilometr sahə saziş sahəsinə daxil edilib: “Əlavə edilmiş sahənin əsas hissəsi Gədəbəy rayonu ərazisinə düşür. Hazırda Nazirlər Kabinetinin yaratdığı komissiya Gədəbəydə baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb. Bu tədbirlər çərçivəsində “Anglo Asian Mining” şirkətinin məsuliyyət dairəsi də müəyyən ediləcək”.