Rusiyalıların böyük əksəriyyəti Ukrayna müharibəsində nüvə silahı tətbiqinə qarşı çıxır. Novator.az-ın məlumatına görə, ölkənin “Levada” mərkəzinin keçirdiyi sorğu belə deməyə əsas verir.
Sorğu mayın 25-dən 31-dək Rusiyanın 50 subyektinin ümumilikdə 137 yaşayış məntəqəsində keçirilib.
“Levada”nın əməkdaşları yaşı 18-dən yuxarı olan 1603 nəfərlə fərdi müsahibələr aparıb. Respondentlərin qarşısında belə bir məsələ qoyulub: “Bəziləri hesab edir ki, Ukraynaya qalib gəlmək üçün Rusiya nüvə silahı tətbiq etməlidir. Bəziləri isə bu fikirdədir ki, heç bir halda nüvə silahına əl atmaq olmaz. Siz bu yanaşmalardan hansını müdafiə edirsiniz?”
Respondentlərin 86 faizi “heç bir halda nüvə silahına əl atmaq olmaz” mövqeyində durduğunu bildirib.
Sorğuda iştirak edənlərin yalnız 10 faizi Ukraynaya qalib gəlmək üçün nüvə silahının tətbiqinə tərəfdar çıxıb.
Respondentlərin 4 faizi mövqe bildirməkdə çətinlik çəkib.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkəyə qarşı total müharibə aparır. O vaxtdan Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə Ukrayna dövlətini və Kiyevin Qərbdəki müttəfiqlərini nüvə silahı ilə təhdid edib.
“Levada”nın son sorğusunun nəticələrini şərh edən ABŞ-ın “US News & World Report” onlayn nəşri bunu Rusiya cəmiyyətinin prezidentin yanaşmasını rədd etməsi kimi qiymətləndirib. Eyni zamanda nəşr xatırladıb ki, Putin hələ də təhdidlərindən əl çəkmir: “İyunun 16-sı Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Putin deyib ki, Rusiyanın arsenalındakı bütün silahlardan istifadə oluna bilər və bu məsələdə heç bir etiraz onu qorxutmur. Putin vurğulayıb ki, Rusiyanın mövcudluğuna təhlükə yaranarsa, istənilən vasitədən, o cümlədən nüvə silahından istifadə oluna bilər”.
Rusiya dünyada ən çox nüvə başlığı olan ölkədir. Nüvə silahları ilə bağlı hesabatlar hazırlayan beynəlxalq mənbələr hazırda dünyada 12 min 500 ədəddən çox nüvə başlığı olduğunu bildirir. Hesablamalara görə, bunlardan 5890-a yaxını Rusiyaya, 5250-yə yaxını ABŞ-a məxsusdur. Çin, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, İsrail və Şimali Koreya da nüvə dövlətidir.
Mənbələr: Usnews.com, Levada.ru