2022-ci ilin fevralından güclənən Rusiya hərbi təcavüzünün Ukrayna əhalisinə təsiri ilə bağlı yeni hesabat hazırlanıb. Novator.az-ın məlumatına görə, BMT-nin 12 qurumunun iştirakı ilə ərsəyə gələn hesabatda qeyd olunur ki, total müharibə ilə üzləşmiş Ukraynada işsizlik səviyyəsi 2023-cü ilin sonuna 18,3 faizə çata bilər: “BMT-nin təşkilatçılığı ilə keçirilən sorğuda ev təsərrüfatlarının 65 faizinin gəlirinin azaldığı üzə çıxıb. Dolanışığı ödənişli işdən asılı olan ailələrin sayı total müharibədən əvvəlki 67 faizdən 53 faizə düşüb. Ev təsərrüfatlarının 44 faizi bəyan edib ki, gəliri ilkin ehtiyacı qarşılaya biləcək həddən də aşağı enib.
Ukrayna əhalisinin üçdə biri yetərincə ərzaq ala bilmədiyini açıqlayıb. Sorğuda iştirak edənlərin 43 faizi daim istifadə etdiyi ərzağı azaltdığını, aldığının da daha ucuz çeşidlərdən olduğunu bildirib”.
Hesabatda Ukraynada 3 milyon 600 min nəfərin gender zorakılığı riski altında olduğu vurğulanır: “Qadın respondentlərin 55 faizi gündəlik həyatda özünü təhlükəsiz hiss etmədiyini söyləyir”.
Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Yuliya Sokolovskaya deyib ki, BMT İnkişaf Proqramı çərçivəsində hazırlanan hesabat müharibənin ukraynalılara vurduğu ziyanın əsl miqyasını anlamağa yardım edir və hansı sahələrin bərpasına daha çox diqqət yetirilməli olduğunu nişan verir.
Hesabatda Ukraynada zəruri xidmətlərə əlçatanlığı bərpa etmək səylərini artırmaq tövsiyə olunur: “Ölkənin dövlətə məxsus strukturlarının iş rejimində tez-tez fasilələrin yaranması yaşayış şəraitini bir az da ağırlaşdırır. Səhiyyə və təhsil sektorları müharibədən ziyan çəkən sahələr sırasındadır. Ev təsərrüfatlarının 22 faizi aylıq gəlirinin dörddə birindən çoxunu səhiyyəyə xərcləməli olur. Gənclərin 11 faizinin keyfiyyətli təhsilə çıxışı yoxdur.
Ukrayna əhalisinin 45 faizi həssas qruplardan heç olmasa birinə aiddir. Ən aşağı gəlirli təbəqələr məcburi köçkünlər, əlillər və qocalardır. Qaraçı icmalarının nümayəndələri iş və ya mənzil axtararkən ayrı-seçkiliyə məruz qalır”.
BMT Ukrayna əhalisinin bütün təbəqələrinin hüquqlarının müdafiəsinə yardım göstərilməsini, müharibədən zərər çəkmiş bütün şəxslərə sosial dəstəyin gücləndirilməsini məsləhət görür. Kəndlərdə təsərrüfatların bərpası ilə bağlı planının işlənib hazırlanmasına, təhsilə, peşə hazırlığına sərmayə qoyulmasına çağırış edilir.
Tövsiyələr təkcə Ukrayna hökumətinə deyil, həmçinin beynəlxalq ictimaiyyətə, maliyyə institutlarına, donorlara ünvanlanıb.
BMT-nin Ukraynaya humanitar yardım üzrə koordinatoru Denis Braunun sözlərinə görə, tövsiyələr Ukraynada görülməli olan işlərin faktiki bütün istiqamətlərini əhatə edir.
Mənbə: News.un.org