Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının şikayətini icraata götürüb. Xəbəri yayan partiya sədri Qubad İbadoğlu qeyd edir ki, şikayətdə ADR-in dövlət qeydiyyatına alınmasından imtinanın qanunsuz olduğu vurğulanıb.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.
Novator.az bildirir ki, 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayətdə həmin qərarın ləğvi istənib. Amma Ali Məhkəmə noyabrın 22-də təqdim olunmuş həmin şikayətə baxmayıb.
Dekabrın 22-də ADR beşinci dəfə Ədliyyə Nazirliyinə müraciət edib. 2023-cü il aprelin 11-də sənədlər baxılmadan geri qaytarılıb. Nazirlik partiyanın təyinatlı orqanlarının fəaliyyətinə xitam verilməsi qərarını qurumun buraxılması kimi yozub.
Ədliyyə Nazirliyi dövlət qeydiyyatı ilə bağlı altıncı müraciətə də yox deyib, sənədləri geri qaytararaq “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun müraciət etmək təklifi verib.
1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun qurumun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır.
“Siyasi partiyalar haqqında” yeni qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır. Yanvarın 12-də ADR sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib.
Fevralın 20-də ADR Partiyasının yenidən təsis olunacağı xəbəri yayılıb.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur.
ADR-in rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik və başqa şəxslər yer alır.
ADR Partiyası nazirliyə üz tutdu
ADR-in qeydiyyat müraciəti nə yerdədir?
ADR-in qeydiyyatı səssizlik içində
ADR Partiyasının sənədləri niyə geri qayıtdı?
ADR Partiyası yenə Ədliyyə Nazirliyinə üz tutur
ADR-in qeydiyyatı: müddət başa çatıb
ADR Partiyasının sənədləri yenə geri qayıtdı
ADR: qeydiyyat işi məhkəməyə gedir
ADR-in qeydiyyat məhkəməsi başladı
ADR Partiyası məhkəmədən nə cavab alıb?
ADR Ali Məhkəməyə şikayət verib
ADR-in Ali Məhkəmədən istəyi var
“Mübarizədə bundan sonra da varıq”
ADR Partiyası yenidən təsis olunur