Prezident İlham Əliyev tikinti sahəsində yeniliklər zərfini imzalayıb. Novator.az bildirir ki, Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyə görə, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür.
İnzibati Xətalar Məcəlləsində yeniliyə əsasən, icazə alınmadan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 20000 manatdan 25000 min manatadək cərimə edilir.
Tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15000 manatdan 25000 manatadək cərimələnir.
Cinayət Məcəlləsində yeniliyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişikliyə görə, tikintisi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmamış, 2023-cü il mayın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə verilir.