İyunun 13-ü Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə brifinq keçirən Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan deyib ki, ölkəsində hər ailədə azı üç, Azərbaycanda hər ailədə azı beş uşağın olmasını arzulayır.
Novator.az-ın məlumatına görə, vətəndaş cəmiyyəti eksperti Samir Əliyev Türkiyənin Statistika Qurumunun hesabatına əsaslanaraq yazır ki, 2022-ci ildə Türkiyədə uşaqların (18 yaşadək şəxslərin) ümumi əhalidə payı 26,5 faiz həddində rəsmiləşib: “1970-ci ildə bu göstərici 48,5 faiz, 1990-cı ildə 41,8 faiz olub. Proqnozlara əsasən, 2030-cu ildə əhalinin 25,6 faizi, 2040-cı ildə 23,3 faizi, 2080-ci ildə 19 faizi uşaqların payına düşəcək.
Azərbaycanda uşaqlar 1990-cı ildə əhalinin 38,5 faizini, 2021-ci ildə 25,7 faizini təşkil edib.
Ümumi nəsilvermə əmsalı Azərbaycanda 1990-cu ildəki 2,77-dən 2021-ci ildə 1,52-yə düşüb. Türkiyədə analoji göstərici 2008-ci ildə 2,38 olub, 2022-ci ildə 1,62-yə enib.
2021-ci ildə Azərbaycanda hər ailəyə orta hesabla 4,12, Türkiyədə 3,23 nəfər düşüb”.