Milli Məclisə “Avtomobil nəqliyyatı haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində, Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” qanunda, “Lisenziyalar və icazələr haqqında” qanunda və “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər layihələri daxil olub.
Təkliflərə görə, daşıyıcıya buraxılış vəsiqəsi, onun istifadəsində olan nəqliyyat vasitəsinə buraxılış kartı veriləcək, icazələrə dövlət rüsumu müəyyən ediləcək, icazə olmadan fəaliyyət qadağan olunacaq, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması, icazə olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması üzrə yeni cərimələr müəyyən ediləcək.
Qanunvericilikdə yenilik təşəbbüsünün əsas hədəfi taksi minik avtomobilləri ilə sərnişindaşımaya nəzarəti gücləndirməkdir. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 12 iyun iclasında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yeniliklərin taksi xidmətində keyfiyyətin yüksəlməsinə, paralel olaraq qiymət artımına gətirəcəyini deyib.
Novator.az-ın məlumatına görə, iqtisadçı alim, siyasətçi Qubad İbadoğlu yazır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Baki Taksi Xidməti” şirkəti var: “Tənzimləyici funksiya daşıyan qurumun eyni zamanda kommersiya fəaliyyəti göstərməsi yolverilməzdir. Görünən odur ki, dövlət rəqabəti deyil, inhisarı dəstəkləyir və hakim zümrənin hər sahədə bazar payının artımına, iqtisadi hökmranlığının gücləndirilməsinə xidmət edir”.
İqtisadçı, siyasətçi Natiq Cəfərli qeyd edir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətini bahalaşdırmağa yox, xidmətin keyfiyyətini yaxşılaşdırmağa çalışmalıdır: “Dövlət iqtisadiyyatda adil hakim, təşviqedici institut, effektiv yenilikçi rolunda çıxış etməlidir, ancaq bu yolla tərəqqiyə nail olmaq mümkündür. Dövlət iqtisadiyyata iki mühüm alət – vergi və gömrüklə təsir etməli, iqtisadiyyatda birbaşa oyunçu olmamalıdır”.
AXCP sədri Əli Kərimli rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin taksi xidmətində bahalaşma anonsuna sarkazmla münasibət bildirib: “Əlbəttə, taksi qiymətləri qalxmalıdır. Necə ola bilər ki, milyonlarla azərbaycanlı taksi xidmətindən istifadə etsin. Olmaz axı belə. Hamı yerini bilməlidir. Sadə azərbaycanlının nə həddi var ki, vaxtaşırı taksidən istifadə etsin? Təbii, taksi qiymətləri qalxmalıdır ki, belə yaramaz hallar aradan qalxsın.
Taksi xidməti bahalaşmalıdır. Çünki on minlərlə azərbaycanlı 14-16 saat taksi sürərək, hökumətə yalvarmadan ailəsinə minnətsiz çörək qazanır. Təbii ki, belə hallara dözmək olmaz. Bu ölkədə ya ac qalmalısan, ya da qazandığın bir tikə çörəyə görə hökumətdən asılı olmalısan”.