“Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin 9 iyun iclasında son oxunuşdan keçib. Novator.az bildirir ki, təklifə görə, 15 üzvdən ibarət Məhkəmə-Hüquq Şurasının tərkibi bu şəxslərdən təşkil olunur: hakimlərin konfransının seçdiyi 9 hakim (3-ü Ali Məhkəmə hakimi, 3-ü apellyasiya məhkəmələrinin hakimi, 3-ü birinci instansiya məhkəmələrinin hakimi); Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; Milli Məclisin təyin etdiyi şəxs; müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının təyin etdiyi vəkil; Azərbaycan Milli Elmlər Akademiyasının təyin etdiyi hüquqşünas alim; hakimlərin konfransının seçdiyi hüquq ictimaiyyəti nümayəndəsi.
Üzvlərin səlahiyyət müddəti beş ildir.
Hakimlərin konfransında Ali Məhkəmədən 5 hakim; hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim; hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim; hər rayon (şəhər) məhkəməsindən 1 hakim təmsil olunur.
Məhkəmə-Hüquq Şurasının sədri hakim üzvlər sırasından sadə səs çoxluğu ilə beş il müddətinə seçilir.
2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının hakim vəzifələrinə seçkinin təşkili, hakimlərin fəaliyyətini qiymətləndirmək, onları intizam məsuliyyətinə cəlb etmək, hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi təqdimatları vermək səlahiyyətləri var.
Məhkəmə-Hüquq Şurası: sədr dəyişir
Məhkəmə-Hüquq Şurasının üzvləri necə müəyyənləşəcək?