“Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklər layihəsi parlament müzakirəsindədir. Layihəyə görə, 15 üzvdən ibarət Məhkəmə-Hüquq Şurasının tərkibi bu şəxslərdən təşkil olunur: hakimlərin konfransının seçdiyi 9 hakim (3-ü Ali Məhkəmə hakimi, 3-ü apellyasiya məhkəmələrinin hakimi, 3-ü birinci instansiya məhkəmələrinin hakimi); Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; Milli Məclisin təyin etdiyi şəxs; müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının təyin etdiyi vəkil; Azərbaycan Milli Elmlər Akademiyasının təyin etdiyi hüquqşünas alim; hakimlərin konfransının seçdiyi hüquq ictimaiyyəti nümayəndəsi.
Məhkəmə-Hüquq Şurasının sədrini hakim üzvlər sırasından seçmək nəzərdə tutulur.
Vəkil Aqil Layic yazır ki, beynəlxalq tələblərə əsasən, Məhkəmə-Hüquq Şurası tipli qurumlar sıravi (inzibati vəzifə tutmayan) hakimlərdən formalaşmalı, üzvləri gizli səsvermədə sıravi hakimlər seçməlidir: “Vəkillər, parlament üzvləri, prokurorluq və administrasiya təmsilçiləri şura üzvü olmamalıdır. Şura sədri rotasiya qaydasında hər il dəyişməlidir”.
2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının hakim vəzifələrinə seçkinin təşkili, hakimlərin fəaliyyətini qiymətləndirmək, onları intizam məsuliyyətinə cəlb etmək, hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi təqdimatları vermək səlahiyyətləri var.
Novator.az bildirir ki, hazırda ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.
Qalan 13 üzvün səlahiyyət müddəti beş il, müəyyənləşmə mexanizmi belədir: prezidentin təyin etdiyi şəxs; Milli Məclisin təyin etdiyi şəxs; Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Ali Məhkəmənin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi; Ədliyyə Nazirliyinin təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təyin etdiyi vəkil; Baş Prokurorluğun təyin etdiyi şəxs.
Şura üzvlərinin seçdiyi sədrin səlahiyyət müddəti beş ildir. Yarandığı ildən quruma ədliyyə naziri Fikrət Məmmədov sədrlik edir.
Məhkəmə-Hüquq Şurası: sədr dəyişir