Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının üzvü Ziyafət Abbasova iyunun 6-da Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına salınıb. Bu barədə məlumat yayan partiya sədri Qubad İbadoğlu yazır ki, Ziyafət Abbasova haqqı danışdığına, uzun müddətdir işlə təmin edilməməsinə etiraz etdiyinə görə oğurlanaraq məcburi qaydada xəstəxanaya yerləşdirilib, cəmiyyətdən təcrid olunub: “İyunun 7-də ADR Partiyasının funksionerləri Hüseyn Məlik və Dilarə Miriyeva 1 saylı Psixiatriya Xəstəxanasına getsələr də, onlar Ziyafət xanımla görüşə buraxılmayıb. Telefonu da əlindən alındığından Ziyafət xanımdan tam xəbərsizik, vəziyyətindən dərin narahatlıq keçiririk. Ziyafət Abbasovanın hüquqlarının müdafiəsi üçün vəkil Zibeydə Sadıqova ilə müqavilə bağlanıb. Onun tez bir zamanda xəstəxanadan çıxarılmasına çalışır və bu yöndə cəmiyyətdən dəstək gözləyirik”.
İyunun 8-də Novator.az-a danışan ADR sədrinin müavini Ədalət Yusub deyib ki, ötən gecə Ziyafət Abbasovanın səhhəti ağırlaşıb və o, Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib: “Ziyafət xanım irsi qan xəstəliyindən əziyyət çəkir, mütəmadi müalicə alır”.
2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib, ancaq qurum dövlət qeydiyyatına alınmayıb. 2023-cü il yanvarın 11-də “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır. Yanvarın 12-də ADR sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib.
Fevralın 20-də ADR Partiyasının yenidən təsis olunacağı xəbəri yayılıb.