Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovun 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müəllif konserti olub.
Tədbiri giriş sözü ilə açan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə səbəbkarın çoxşaxəli yaradıcılığından, müəllimi – Azərbaycanda simfonizmin banisi Cövdət Hacıyev və atası – uşaq müsiqisinin klassiki sayılan Oqtay Zülfüqarovun irsinə sadiqliyindən və ehtiramından danışıb. Qırx ildən artıq müddətdə bəstəkarın həyat verdiyi əsərlərin – mahnı, kamera, tamaşalara yazılan musiqilər, opera, fantaziya və sairin uğurlu taleyini, müəllifin özününsə sadə, təvazökar xasiyyətini ayrıca qeyd edib.
Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova musiqiçilər ailəsinin layiqli təmsilçisi Cahangir Zülfüqarovun sənətinə böyük dəyər verdiyini diqqətə çatdırıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lətifəxanım Əliyeva Bəstəkarlar İttifaqının dəstəyilə bəstəkara həsr etdiyi yeni nəşr olunmuş broşürdən söhbət açıb.
Tədbirin bədii hissəsi də maraqlı keçib. Fleyta və simfonik orkestr üçün bəstələnmiş “Ümid adası” adlı Qravüraları xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə ifa edən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin lent yazısı səsləndirilib. Həmin yazıda fleytada solo ifa bəstəkarın qızı, beynəlxalq müsabiqə laureatı Əminə Zülfüqarovaya məxsusdur.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Atatürk Universitetinin professoru Həqiqət Məhərrəmovanın ifasında “Sarı gəlin”, “Ağ alma” – Piano üçün 2 Fantaziya tamaşaçılara xüsusi zövq verdi.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Şəms” Uşaq Xoru kiçik yaş qrupu bədii rəhbər – əməkdar incəsənət xadimi Dilarə Əliyevanın ümidlərini bir daha doğruldub. “Uşaqlar” (söz: Cəmilə Allahverdiyeva), “Ana” (söz: Kamal Baharlı) və “Gözəl Bakı” (söz: Kamal Baharlı) solistlər – Məryəm Əliyeva və Fidan Bağırovanın ifasında bəyənilib. Yusif Həsənbəylinin sözlərinə yazılmış “Vətən hissi” Cahangir Zülfüqarovun nəvəsi Emili Zəkiyyənin solistliyi, eyni zamanda xorun tərkibində bəstəkarın nəvəsi İnarə Zülfüqarovanın iştirakı ilə ifa olunub, alqışlarla qarşılanıb. Azərbaycanda uşaq musiqisinin klassiki Oqtay Zülfüqarovun “Elegiya” əsərinin bu dəfəki ifasının özəlliyi isə ondan ibarət olub ki, onu ustadın nəticəsi – Əfrasiyab Bədəlbəyli adına 11 illik musiqi məktəbinin VI sinif şagirdi Əfrasiyab Məmmədov (müəllim – Sevil Lazımova) pianoda ifa edib.
Cahangir Zülfüqarovun uşaqlıq və gənclik dostları Rauf İmanov və Məbud Məhhərəmovun şux xatirələri görüşə rəng qatıb.
Müəllif fleyta və 2 piano üçün bəstələdiyi “Oazis” əsərini fleytada qızı Əminə Zülfüqarova və nəvəsi Əfrasiyabla birgə pianoda ifa etməklə tədbirin son akkordlarını vurub. Sonra qısa nitqilə hamıya öz təşəkkürünü bildirib.
Bəstəkarlar İttifaqının baş məsləhətçisi, musiqişünas Sevda Hüseynovanın aparıcısı olduğu konsert xoş və yaddaqalan təəssüratla başa çatıb.