
İyunun 6-sı Bakının Xətai rayonunda Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binası istifadəyə verilib. AZƏRTAC bildirir ki, prezident İlham Əliyev açılışda iştirak edib.
Arayışa görə, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılan bina nazirliyin aparatı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllülərinin ümumilikdə 500-ə yaxın əməkdaşının fəaliyyəti üçün nəzərdə tutulub.
İşçi mərtəbələr 215 otaqdan ibarətdir. Binada nazirliyin Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxana var. Ərazidə 170 avtomobil yerlik dayanacaq yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyi 1918-ci ildə Əkinçilik və Əmək Nazirliyi adı ilə yaradılıb, həmin il Dövlət Əmlakı və Əkinçilik Nazirliyinə çevrilib. 1920-ci ildən Dövlət Torpaq Komissarlığı, 1946-cı ildə əvvəl Əkinçilik Nazirliyi, sonra Kənd Təsərrüfatı Nazirliyi adı daşıyıb. 1985-ci ildə bir çox qurumla birləşdirilən Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar Sənaye Komitəsinə çevrilib. 1992-ci ildə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi yaradılıb, 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi qurulub.
14 aprel 2023-cü ildən kənd təsərrüfatı naziri vəzifəsini Məcnun Məmmədov tutur.
Nazirlik paytaxtın Üzeyir Hacıbəyov küçəsində, Hökumət evində qərar tuturdu.