İqtisadçı, siyasətçi Natiq Cəfərli rəsmi statistikaya əsaslanaraq yazır ki, 2022-ci ildə Azərbaycana xaricdən 3 milyard 620 milyon dollar pul köçürülüb: “Bu rəqəm 2021-ci ilə nisbətən 3,2 dəfə çoxdur. Vəsaitin 82 faizi Rusiyadan daxil olub. 2021-ci ildə Rusiyanın payı 55 faiz göstərilmişdi.
Aydındır ki, Azərbaycana pul axınını Rusiyanın bank sisteminə qoyulmuş sanksiyalar artırır. Bu vəsait hökumətin dadına çatır, bölgələrdə sosial problemlərin həllinə yardımçı olur, həmçinin ölkədə daşınmaz əmlak, avtomobil satışlarında və başqa sahələrdə qiymət artımına gətirir.
Azərbaycan hökuməti uzun illərdir həm neft puluna, həm də Rusiyadan gələn vəsaitə görə tam arxayınlaşıb. Halbuki bu istiqamətlər dayanıqlı, daimi deyil, eniş-çıxışlı və dalğalıdır. Real iqtisadiyyat qurmaq, rəqabətli mühiti təşviq etmək əvəzinə hökumət getdikcə bütün fürsətləri daha dar çərçivədə cəmləşdirməyə çalışır, dövlət-məmur-kapitalizmi modelini daha da dərinləşdirir. Bunun ciddi fəsadları olacaq, indi də var, amma abrımızı baha neft-qaz örtür.
2030-cu ildə dünya tamam başqa enerji ritmi ilə yaşayacaq, Rusiyanın da taleyi getdikcə daha müəmmalı hala gələcək, oradan daxilolmalar kəskin azalacaq. 6-7 ilə işlək bir model qura bilməsək, getdikcə kasıblaşan topluma çevriləcəyik”.