Gəncə Ağır Cinayətlər Məhkəməsi qətldə təqsirli bilinən İlkin Süleymanovun işi üzrə prosesi bitirmək üzrədir. İyunun 2-də keçirilən iclasda son sözlə çıxış edən İlkin Süleymanov heç bir cinayət törətmədiyini vurğulayıb, bəraət istəyib.
3 may iclasında dövlət ittihamçısı İlkin Süleymanova 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib. Hökmün iyunun 5-də elan olunması gözlənir.
2019-ci il noyabrın 21-də 10 yaşlı Nərmin Quliyeva yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-sı kənddə onun yandırılmış meyiti tapılıb.
Bu işə görə tutulan Dondar Quşçu kəndinin sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Nərmin Quliyevanın ölümünə aidiyyəti olmadığını deyir, qeyd edir ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün ittihamı etiraf ifadəsinə imza atıb.
Vəkilləri və bəzi hüquq müdafiəçiləri İlkin Süleymanovun günahının sübut edilmədiyini bildirir, günahkarların başqa şəxslər olduğu qənaətindədir.