Prezident İlham Əliyev mayın 28-i Laçın şəhərində Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur, 1 Dekabr küçələrinin lövhələrini açıb. AZƏRTAC xəbər verir ki, dövlət başçısı həmçinin bərpa olunmuş yaşayış evinə baş çəkib, şəhərə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
İlham Əliyevə Laçın şəhərinin baş planı təqdim olunub, o, “İşğal” və “Zəfər” muzeylərinin, ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub, Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, balıqların (çəki, qızılbalıq, qızılxallı forel) Həkəri çayına buraxılması mərasimində iştirak edib, sakinlərin və turistlərin istirahəti üçün nəzərdə tutulan kottec tipli evlərin inşası və son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış olub.
Əhali ilə görüşündə İlham Əliyev deyib ki, cəmi 7-8 ay ərzində Laçın şəhərinin böyük hissəsi tamamilə yenidən qurulub: “İlk 20 ailə dünəndən Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq.
7-8 ay ərzində 700 bina inşa edilib, onların 620-si fərdi yaşayış binasıdır. 9 çoxmənzilli binada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin baş planı hazırlanıb və ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.
Bununla paralel olaraq indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq aqro və sənaye parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır”.
Dövlət başçısı qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb: “Əminəm ki, yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, – sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.
Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır.
İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər”.