Dünya mediasından
- 27 May 2023
- comments
- Novator.az
- Posted in Dünyanın səsiXəbər
“Putin müharibəni Ukraynada rus mədəniyyətini və dilini neonasist təqibindən qurtarmaq cəhdi kimi qələmə verir. Əslində isə müharibə ən yaxşıların, düşünən beyinlərin rus torpağından qaçışını sürətləndirib”. Londonlu yazar Uilyam Feənin “The Guardian” qəzetində dərc etdirdiyi “Ukrayna müharibəsi rus mədəniyyətini xarabazara çevirir” başlıqlı məqalədə belə deyilir. Müəllif bildirir ki, Putin hakimiyyətinin ilk dövrlərində Kreml yazıçıların, sənət adamlarının yaradıcı azadlığına dözümlə yanaşırdı: “Ancaq 2022-ci ilin fevralından hər şey dəyişdi. Rus tankları Ukraynaya soxulandan Putin hakimiyyətinin praqmatik tolerantlıq dövrü birdəfəlik başa çatdı… İndi Boris Akunin Londondan, Lüdmila Ulitskaya Berlindən yazır. Sənətkarlar ölkəni tərk etdikcə Rusiya mədəniyyəti solğunlaşır, zənginliyini, rəngarəngliyini itirir, yerində yalnız Putinpərəst boz tiplər qalır. Rusiya prezidenti yanında fəaliyyət göstərən Mədəniyyət və İncəsənət Şurasına yığılmış bir qrup tanınmış sənət adamının, yazıçının Putin rejiminə, habelə onun Ukraynada apardığı işğalçı müharibəyə dəstəyini görəndə adamda belə bir təəssürat yaranır ki, Rusiya “mədəni Potyomkin kəndi”nə çevrilmək təhlükəsi qarşısında qalıb”.
ABŞ və Böyük Britaniya hökumətlərinin sifarişi ilə aparılmış araşdırma Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın qızı Duduzile Zuma-Sambudlanın Rusiya rejiminin xeyrinə dezinformasiyalar yaymaqla məşğul olduğunu təsdiqləyib. Araşdırma göstərib ki, “Tvitter” şəbəkəsində 230 mindən çox abunəçisi olan Duduzile Afrikada Moskvanın lehinə dezinformasiyalar yayan əsas fiqurlardan biridir. O öz tvitləri ilə tək Afrikada deyil, bütün dünyada ictimai rəyi Rusiya hakimiyyətinin xeyrinə kökləməyə çalışır. Duduzile Zumanın Kremllə, Rusiya prezidenti Vladimir Putinlə, bu ölkənin başqa məsul şəxsləri ilə birbaşa əlaqəsi olub-olmadığı, dezinformasiyaları sifarişlə, yoxsa öz təşəbbüsü ilə yaydığı bilinmir. Ancaq bir şey tam aydınlığı ilə bəllidir: Duduzile Zuma “Tvitter”in Afrika seqmentində Vladimir Putinin lehinə ən geniş təbliğat aparan şəxslərdəndir.
2023-cü ilin fevralından “Anonymous Sudan” adlı haker qrupu İsveçə qarşı onlarca hücum həyata keçirib. Nəticədə İsveç Milli İctimai Teleşirkətinin (SVT) onlayn yayımı pozulub, “Scandinavian Airlines” aviasiya şirkətinin, “Vattenfall” dövlət enerji şirkətinin, “Saab AB” aerokosmik və müdafiə şirkətinin internet səhifələrinə giriş qapanıb. “Anonymous Sudan” İsveç ictimaiyyəti arasında yaydığı bəyanatlarda özünü müsəlman ölkəsi Sudanın haker qrupu kimi təqdim edib, vurğulayıb ki, hücumları Türkiyənin İsveçdəki səfirliyi qarşısında “Quran”ın yandırılmasına cavab olaraq həyata keçirir. Amma İsveçin “Truesec” kibertəhlükəsizlik şirkətinin apardığı araşdırma göstərib ki, “Anonymous Sudan” nə sudanlı, nə də islamçıdır, bu, Rusiyanın haker qrupudur. Rusiyanın belə bir qrup formalaşdırmaqda məqsədi isə İsveçdə əhalinin müsəlman azlığa qarşı çıxmasına nail olmaq, bununla Türkiyə ilə İsveç arasında gərginliyi daha da gücləndirmək, Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılaşmasına imkan verməməkdir.
Ukrayna 31 dövlətin daxil olduğu və biri hücuma məruz qalarsa hamısının onu qorumağa borclu sayıldığı Şimali Atlantika Müqaviləsi Təşkilatına – NATO-ya qoşulub öz təhlükəsizliyinə qızıl zəmanət qazanmaq istəyir. Ancaq “Vaşinqton Post” qəzeti hesab edir ki, Rusiyanın Ukrayna torpaqlarının 17 faizini işğal altında saxladığı bir dövrdə Kiyevin NATO-ya qəbul edilməsi üzrə ətraflı bir plan ortaya qoymaq tezdir. Bu fikirlər qəzetin “NATO Ukraynanı uzunmüddətli perspektivdə qorumaq üçün nələr etməlidir?” başlıqlı redaksiya məqaləsində əksini tapır. Məqalədə xatırladılır ki, Birləşmiş Ştatlar daxil olmaqla NATO-nun bir neçə əsas üzvü Ukraynanın alyansa qəbulu mexanizmini işə salacaq addımları – Kiyevə fəaliyyət planı təqdim edilməsini, üzvlük mərhələlərini müəyyənləşdirəcək qrafikin tutulmasını bloklayır: “Onlar bunu məntiqli arqumentlə izah edirlər: müharibə gedir. 2014-cü ildə Krım yarımadasını ilhaq etmiş Moskvanın hazırda Ukraynanın başqa ərazilərini də işğal etməkdə olduğu bir zamanda NATO-nun kollektiv təhlükəsizlik zəmanətinin Kiyevə şamil olunması nüvə arsenalına malik iki böyük qüvvə – NATO ilə Rusiya arasında müharibəyə gətirə bilər”. “Vaşinqton Post” yazır ki, Kiyevi NATO-ya müharibə başa çatandan sonra götürmək daha düzgün strategiya olardı, xüsusilə də müharibə rus qoşunlarının Ukrayna torpağından qovulması ilə nəticələnəcəksə: “Birləşmiş Ştatlar və avropalı müttəfiqlər üçün indi qarşıda duran əsas məsələ Ukrayna ordusunun təchizatını yaxşılaşdırmaqdır ki, Kiyev daha geniş əraziləri işğaldan qurtara və mümkün sülh danışıqlarına da mövqeyi möhkəmlənmiş formada gedə bilsin”. “Vaşinqton Post”un redaksiya məqaləsində deyilir ki, bu, Qərbin Ukraynanı təhlükəsizlik ağuşuna almasını nəzərdə tutan konkret tədbirlərdən imtina olunmasına gətirib çıxarmamalıdır: “Rusiyanı gələcək təcavüzlərdən çəkindirəcək tədbirlər mütləq görülməlidir, yoxsa o yenə hücuma keçə bilər”.
Böyük Britaniyanın Vestminster Universiteti tibbi yardıma ehtiyac duyan etnik azlıqların problemlərlə qarşılaşıdığını üzə çıxarıb. Universitetin hesabatında etnik azlıqları təmsil edən pasiyentlərin çoxunun ayrı-seçkiliyə məruz qaldığı, onların tibb işçilərinin xoş rəftarına ehtiyacı olduğu vurğulanır. Problem əvvəllər də diqqət çəkib, amma bu istiqamətdə məsələ qaldırılsa da, həllini tapmayıb. Tədqiqatçılar belə qənaətə gəliblər ki, səhiyyə işçilərinin etnik qruplardan olan xəstələrə daha yaxşı qayğı göstərməyi, onlarla daha isti münasibət qurmağı öyrənmələri üçün xüsusi təlimlərin keçirilməsinə ehtiyac var.
Dünyanın ən böyük investisiya banklarından olan ABŞ-ın “Goldman Sachs” bankı ona qarşı məhkəmə iddiası qaldırmış qadınlara 215 milyon dollar həcmində təzminat ödəməyə razılaşıb. 2010-cu ildə “Goldman Sachs”ın üç keçmiş xanım əməkdaşı banka qarşı məhkəmədə iddia qaldırmışdı. Sonrakı illərdə 2800 nəfərə yaxın qadın eyni məzmunlu iddia ilə bankı məhkəməyə verib. Onların bir qismi bankın işçisi, bəzisi isə keçmiş işçiləridir. Beləliklə, xanımların “Goldman Sachs” əleyhinə iddiası kütləvi xarakter alıb. İddia ərizələrində bank qadın işçilərə qarşı ayrı-seçkiliyə yol verməkdə, onların karyerasına mane olmaqda, əsasən kişiləri irəli çəkməkdə, kişilərlə müqayisədə xanımlar üçün daha az maaş müəyyənləşdirməkdə günahlandırılıb. Nəhayət, 2023-cü ilin may ayında bank illərdir davam edən məhkəmə çəkişmələrini barışıqla yekunlaşdırmaq, iddiaçılarla razılaşıb onlara təzminat ödəmək qərarına gəlib. “Nyu-York Tayms” qəzeti xəbər verir ki, təzminat məbləği iddaçılar arasında bölüşdürüləcək. Tutulacaq məhkəmə rüsumlarını çıxanda hər iddiaçı xanıma 47 min dollar düşəcək. Bundan başqa bank gender siyasətində dəyişiklik etmək öhdəliyi də götürüb.